Analitika

Azərbaycan və Tacikistan arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan səfəri iki ölkə arasında onsuz da uğurlu olan münasibətləri tamamilə yeni səviyyəyə çıxardı. Səfər zamanı imzalanmış çoxsaylı sazişlər qarşılıqlı investisiyaların artırılmasından və maliyyə münasibətlərinin möhkəmlənməsindən mədəni və turizm əlaqələrinin inkişafınadək ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə edir.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmiş, ictimai-siyasi sabitlik pozulmuşdu. Lakin buçətin siyasi vəziyyətdə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hər biri öz ölkəsində, ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.

XXI əsrdə artıq Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Müasir dünyada investisiyalar, tərəqqi və insanların rahatlığı məhz sabitlikdən asılıdır.

Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar ataraq hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilmişdir. Prezident İlham Əliyev çıxışında Tacikistan Respublikası ilə ölkəmizin yaxın münasibətlərini, eyni zamanda burada hökm sürən sabitliyi nəzərə alınaraq bütün investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğumuzu bildirmişdir.

Prezident Emoməli Rəhmon isə öz növbəsində Tacikistanın Azərbaycanın təklif etdiyi rahat nəqliyyat əlaqələrindən istifadəni davam etdirməkdə, Azərbaycan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlığı inkişaf etdirməkdə, habelə, yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının inşası, alüminium, qiymətli metalların emalı və digər sahələrdə layihələrin birgə reallaşdırılmasını dəstəkləməkdə qətiyyətli olduğunu bildirib.

Dünənki günədək Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlığın hüquqi əsası əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 sazişdən ibarət idi. Artıq buraya daha 14 saziş də əlavə olunub. Bunların içində ən mühüm olanlardan biri iki ölkənin hökumətləri arasında 2025-ci ilədək iqtisadi əməkdaşlıq üzrə tədbirlər planıdır. Bu plan ikitərəfli münasibətlərin dərinləşməsinin effektiv mexanizmləri üçün əsas olmalıdır.

Digər bir saziş nəqliyyat sahəsində tərəfdaşlığı nəzərdə tutur. Azərbaycanla Tacikistan arasında daşınan mal və nəqliyyat vasitələrinə dair ilkin məlumat mübadiləsinin təşkilinə dair protokol ticari əlaqələrin sürətli inkişafına imkan yaradacaq və ümumi logistikanı asanlaşdıracaq. Mərkəzi Asiyanın bütün ölkələri ilə çox gözəl nəqliyyat əlaqələri quran Azərbaycan daima onların yaxşılaşdırılması istiqamətində çalışır və bu ölkənin regionun nəqliyyat qovşağına çevrilməsinə kömək edib. Məhz burada Tacikistan böyük fayda əldə edə bilər.

Humanitar və mədəni sahələrdə əməkdaşlıq da Azərbaycan-Tacikistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Turizm sahəsində əməkdaşlığın fəallaşdırılmasına dair sazişin ardınca Azərbaycanın “Buta Airways” aviaşirkəti tərəfindən Bakı-Düşənbə reysini işə salınması elan olundu. Bu, qarşılıqlı səfərlərin artmasına şərait yaratmalıdır. Prezident İlham Əliyev birgə mətbuat konfransında Azərbaycanla Tacikistan arasında mədəni əlaqələrə xüsusi diqqət yetirib: “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər”.

Tacikistanla Azərbaycan arasında əməkdaşlıq təhsil və sərhədlərin müdafiəsi sahəsində də davam edir. Qeyd etmək lazımdır ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün qərar qəbul edilib.

Mərkəzi Asiya ölkələri ilə möhkəm əlaqələrin qurulması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Avropa ölkələri ilə səmərəli tərəfdaşlıq quran Azərbaycan faktiki olaraq Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiyası üçün qapıya çevrilir. İndi isə Azərbaycan-Tacikistan əməkdaşlığında yeni imkanlar bütünlükdə regionun inkişafına imkan yaradacaq.

Adil Əliyev,
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button