Analitika

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib

2018-ci il aprelin11-də keçirilən prezident seçkiləri də ölkəmizdəki demokratik prinsiplərə sədaqəti növbəti dəfə təsdiq etdi. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçildi. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə keçirilən prezident seçkilərinin azad, şəffaf, demokratik keçdiyini, xalqımızın öz iradəsini azad şəkildə ifadə etdiyini təsdiqlədilər. Prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində də bildirib ki, ölkəmizdə keçirilən seçkilər xalqımızın iradəsini tam şəkildə əks etdirib: “Prezident seçkiləri şəffaf, ədalətli, azad şəkildə keçirilmiş və Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir”. Azərbaycan xalqı ötən 10 ildə görülən işlərə, ölkəmizdə həyata keçirilən böyükmiqyaslı fəaliyyətə, o cümlədən, ölkəmizin beynəlxalq arenada əldə etdiyi yüksək nəticələrə qiymət verdi. Bu gün Azərbaycan dövləti birmənalı olaraq nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük coğrafiyanın aparıcı siyasi aktoru kimi çıxış edir. Cənubi Qafqaz bölgəsinin iqtisadiyyatının üçdə iki hissəsi məhz ölkəmizin payına düşür. Bundan başqa, Azərbaycan dövləti son 10 ildə böyük inkişaf yolu keçib. Ölkəmizdə yoxsulluğun həddi 10 dəfələrlə azalıb, bir milyondan artıq yeni iş yerləri yaradılıb ki, bunun da böyük qismi daimi iş yerləridir. Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövləti stabil inkişaf yolundadır və Azərbaycan xalqı da aprelin 11-də keçirilən prezident seçkilərində məhz bu stabil inkişafa, ümumilikdə son 10 il ərzində görülən işlərə növbəti dəfə öz razılığını və obyektiv münasibətini ifadə etdi. Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində də vurğulayıb ki, ötən 10 il ərzində verilən bütün vədlər icra edilib: “Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini Heydər Əliyev siyasətinin davamına verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edilmişdir”.Ölkəmizdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsi, o cümlədən, aztəminatlı insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılıb. Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi istiqamətində bütün şərait yaradılıb. İstər seçkidə seçici qismində, istərsə də namizəd qismində iştirak edən vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə edə bilirlər. Bütün bunların təməlində isə demokratik seçkilərin keçirilməsinin əsas şərti qismində çıxış edən qanunvericilik bazası dayanır. Seçkidən az sonra, 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd  Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Ən başlıcası, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edildi və torpaqlarımız işğaldan azad olundu.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button