Vətən müharibəsində bütün dünya Azərbaycan əsgərinin gücünü gördü
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya masştabında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycanı növbəti fəlakətlərdən xilas etdi. Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi – Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz buna heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!”. O, hər zaman deyirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.Birinci Qarabağ müharibəsi zamanı cəsur, igid hərbiçilərimiz olsa da, nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə yaranmış xaos, anarxiya vəziyyətində nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı. Ümummilli Liderin 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda qeyd etdiyi kimi: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var”. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz türk əsgərinə bənzəməsini xüsusi ilə vurğulayaraq deyirdi: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. Prezident İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də qeyd edir ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. 2016-cı il Aprel döyüşləri Böyük və Tarixi Qələbənin başlanğıcı oldu. Qısa zamanda (dəqiqələr ərzində) mifə çevrilmiş Ohanyan səddi dağıdıldı, strateji yüksəkliklər azad edildi. 44 günlük Vətən müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı isə yeni reallığın əsasına çevrildi. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!”. Rəşadətli Ordumuz Vətən torpaqlarını erməni işğalından azad etdi, şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün canını qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaq!
Aynur Həsənova,
YAP-ın gənc fəalı