Analitika

Hazırda əsas məqsəd Laçının strateji əhəmiyyətini nəzərə alaraq iqtisadi potensialından düzgün istifadə etməkdir

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi – torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Dövlətimizin başçısı bildirib ki, xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər: “Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir”. Prezident Şuşanın, ondan sonra Laçının işğal altına düşməsinin Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olduğunu bildirmişdir: “Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.

Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Təsadüfi deyil ki, dövlət başçısı rayonlara göndərdiyi nümayəndələri şəxsən qəbul edir. Bu baxımdan Qarabağa bölgəsinə xüsusi yanaşma mövcuddur. Məhz bunun  nəticəsidir ki, Qarabağın istər inzibati idarəçiliyi istərsədə iqtisadi idarəçiliyi vahid mərkəzdən idarə olunur. Qarabağa göndərilən yeni nümayəndə də şəxsən cənab Prezidentin qəbulundan sonra fəaliyyətə başlayırlar. Bu baxımdan sonuncu dəfə ölkə başçısının təyin etdiyi yeni nümayəndə ilə görüşü bütün bu deyilənlərin bariz nümunəsidir. Cənab Prezident yeni nümayəndənin qarşısında bir çox vəzifələr qoymuş, ona öz tapşırıq və tövsiyələrini vermişdir. Burada əsas məqsəd Laçının strateji əhəmiyyətini nəzərə alaraq iqtisadi potensialından düzgün istifadə etməkdir. Prezidentin çıxışından bir daha göründü ki, biz ordumuzun günü hesabına Laçını edə bilmişik və Laçının azad olunması tarixi qələbəmizin  ən böyük parçası kimi qiymətləndirilə bilər. Hazırda Laçına investitorların cəlb edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi də verilən tapşırıqlar sırasında əsas üstünlük təşkil edilir. İşğaldan azad olunmuş bütün bölgələrdə olduğu kimi Laçın rayonunda da tezliklə həyatın bərpası, insanların öz yurd-yuvalarına qaytarılması nəzərdə tutulur. Bütün bu görülən tədbirlər böyük qayıdış siyasətin davamıdır, böyük qayıdış siyasətinin tərkib hissəsidir. Cənab Prezident İlham Əliyev bu siyasətin həyata keçməsinə şəxsən nəzarət edir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button