Kəlbəcər torpağında qurulan sabah

Hər bir azad edilmiş torpaqda aparılan quruculuq işi yalnız tikinti prosesi deyil, həm də tarixi ədalətin bərpasının davamıdır. Kəlbəcərdə həyata keçirilən layihələr bu baxımdan xüsusi məna daşıyır. Uzun illər işğalın ağır nəticələri ilə üzləşmiş diyar bu gün müasir yaşayış məkanına çevrilmək istiqamətində inamla irəliləyir.
Kəlbəcərin azad olunması Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi hadisə idi. 25 noyabr 2020-ci ildə rayonun Azərbaycana qaytarılması ilə doğma torpağa qayıdışın və bərpanın yeni mərhələsi başladı. Bu tarixi nəticə Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbə sayəsində mümkün oldu.
Azadlıqdan sonra bölgədə infrastrukturun yenidən qurulması prioritet istiqamətlərdən birinə çevrildi. Yol şəbəkəsinin genişləndirilməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması, yaşayış binalarının və sosial obyektlərin inşası Kəlbəcərin dayanıqlı inkişafına xidmət edir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan da bu məqsədlərin sistemli şəkildə həyata keçirilməsi üçün mühüm əsasdır.
Kəlbəcərin sabahı ilk növbədə burada yaşayacaq insanların rifahı ilə ölçüləcək. Müasir məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları, idman və istirahət məkanları şəhərin sosial həyatını zənginləşdirəcək. Yeni iş yerlərinin yaradılması isə sakinlərin iqtisadi fəallığını artıraraq doğma torpaqda davamlı məskunlaşmanı möhkəmləndirəcək.
Bu gün Kəlbəcərdə salınan hər yeni bina, çəkilən hər yol və yaradılan hər sosial imkan gələcəyə yönəlmiş sərmayədir. Burada qurulan həyat Azərbaycan dövlətinin gücünü və xalqımızın quruculuq əzmini nümayiş etdirir. Kəlbəcər torpağında yüksələn yeni sabah Zəfərimizin davamı və gələcək nəsillərə əmanətimizdir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



