
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, dost və tərəfdaş dövlətlərlə münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə Azərbaycan–Vyetnam münasibətlərinin tarixi kökləri, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn siyasi əlaqələr, humanitar sahədə həyata keçirilən təşəbbüslər və xalqlarımız arasında uzun illərdir davam edən mədəni dialoq ətraflı şəkildə işıqlandırılıb. Dövlət başçısının fikirləri bir daha göstərir ki, Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlara əsaslanan tərəfdaşlıq xüsusi yer tutur.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər ötən əsrin ortalarından formalaşmağa başlayıb. Bu dostluğun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə daha da möhkəmlənib. İki xalq arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də xüsusi tarixi əhəmiyyətə malikdir. Həmin səfər çərçivəsində aparılan görüşlər və əldə olunan razılaşmalar sonrakı illərdə əməkdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradıb. Bu faktlar göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri yalnız müasir siyasi maraqlara deyil, həm də uzun illər ərzində formalaşmış dostluq ənənələrinə söykənir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ənənələr yeni məzmun qazanaraq daha yüksək inkişaf mərhələsinə yüksəlib. 2014-cü ildə dövlət başçısının Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri, eləcə də 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlər olub. Həmin səfər zamanı qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edən mühüm siyasi sənəd kimi tarixə düşüb.
Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi Azərbaycan və Vyetnam arasında əməkdaşlığın yalnız diplomatik münasibətlərlə məhdudlaşmadığını, müxtəlif sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasına xidmət etdiyini təsdiqləyir. Sənəd siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, energetika, müdafiə, təhlükəsizlik, informasiya texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb. Bu baxımdan dövlət başçısının müsahibəsində vurğuladığı məqamlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini göstərir. Xüsusilə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında inkişaf edən əlaqələr siyasi əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Hər iki ölkənin hakim partiyaları arasında təcrübə mübadiləsi, qarşılıqlı təmaslar və siyasi dialoq dövlətlərarası münasibətlərin daha da inkişafına töhfə verir. Bu əlaqələr siyasi münasibətlərin davamlılığını təmin etməklə yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə də xidmət edir.
Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin real iqtisadi potensialını tam əks etdirmir. Xüsusilə energetika sahəsində SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişafı, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlər qarşılıqlı maraq doğurur. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu da bu əməkdaşlığın genişlənməsi üçün mühüm üstünlükdür. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnam məhsullarının Avropa bazarlarına çıxarılması, eləcə də yeni ticarət marşrutlarının formalaşdırılması üçün geniş imkanlar mövcuddur. Beləliklə, strateji tərəfdaşlıq siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi inkişaf və yeni investisiya imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan–Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Prezident İlham Əliyevin müsahibəsində humanitar əlaqələrin xalqları və dövlətləri birləşdirən möhkəm körpü olduğu xüsusi vurğulanıb. Çünki dövlətlər arasında münasibətlərin davamlılığı yalnız siyasi sənədlər və iqtisadi razılaşmalarla deyil, həm də insanların bir-birini tanıması, xalqların mədəniyyətinə, tarixinə və mənəvi dəyərlərinə hörmətlə yanaşması ilə təmin olunur. Bu baxımdan təhsil, elm, səhiyyə, xeyriyyəçilik və sosial layihələr sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq humanitar həmrəyliyə verdiyi töhfəni nümayiş etdirir.
Humanitar münasibətlərin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr Azərbaycanın humanizm, mərhəmət, qarşılıqlı dəstək və həmrəylik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin inşası və təhsil proqramlarına göstərilən dəstək iki ölkə arasında humanitar əməkdaşlığın konkret nəticələrindəndir. Bu cür layihələr yalnız maddi və sosial ehtiyacların qarşılanmasına deyil, həm də Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, ölkənin rəsmi şəxsləri, yaradıcı ziyalıları və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla keçirdiyi görüşlər də humanitar əlaqələrin inkişafına mühüm töhfə verib.
Təhsil sahəsində əməkdaşlıq iki ölkənin gələcək münasibətləri üçün xüsusi perspektivlər yaradır. Azərbaycan ali təhsil müəssisələrində müxtəlif dövrlərdə vyetnamlı tələbələrin təhsil alması, onların ölkəmizin elmi və mədəni mühiti ilə tanış olması qarşılıqlı əlaqələrin möhkəm əsasını formalaşdırıb. Bu gün də təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, elmi mübadilələrin təşkili və gənclərin qarşılıqlı səfərlərinin artırılması üçün imkanlar mövcuddur. Gənc nəslin beynəlxalq əməkdaşlıq proseslərinə cəlb edilməsi xalqlar arasında dostluğun gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bu gün qurulan təhsil və elm əlaqələri sabahın mütəxəssisləri, alimləri və ictimai xadimləri arasında yeni əməkdaşlıq körpülərinin yaranmasına şərait yaradır.
Humanitar münasibətlərin əsl mahiyyəti xalqların çətin günlərdə bir-birinə göstərdiyi dəstəklə də ölçülür. Azərbaycan Vyetnamda 2024-cü ildə baş vermiş Yagi tayfununun, eləcə də 2025-ci ildə yaşanan güclü daşqınların fəsadlarının aradan qaldırılması üçün maliyyə yardımı göstərib. Bu addım ölkəmizin beynəlxalq humanitar məsuliyyətə və dost xalqlarla həmrəyliyə verdiyi önəmin ifadəsidir. Belə nümunələr sübut edir ki, Azərbaycan üçün dostluq münasibətləri yalnız əlverişli dövrlərdə əməkdaşlıq etməkdən ibarət deyil. Əsl tərəfdaşlıq ehtiyac duyulan məqamlarda qarşılıqlı dəstək göstərmək, çətinliklərin aradan qaldırılmasına töhfə vermək və insan amilini hər zaman diqqət mərkəzində saxlamaqdır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin uzunömürlülüyünü təmin edən əsas amillərdən biri də mədəni əlaqələrdir. Mədəniyyət xalqların tarixini, dünyagörüşünü, milli kimliyini və mənəvi dəyərlərini özündə birləşdirən mühüm vasitədir. Bu baxımdan iki xalq arasında onilliklər ərzində davam edən mədəni dialoq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Vyetnam xalqları coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, mədəniyyət və incəsənət vasitəsilə bir-birinə yaxınlaşmaq, qarşılıqlı tanışlıq və anlaşma imkanları əldə ediblər. Bu əlaqələrin tarixi ötən əsrin ortalarına gedib çıxır.
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Qara Qarayevin 1955-ci ildə sovet-vyetnam sənədli filmi üçün yaratdığı “Vyetnam süitası” iki xalq arasında mədəni əlaqələrin ilkin və əlamətdar nümunələrindəndir. Bu əsər Azərbaycan bəstəkarının yaradıcılığında Vyetnam mövzusunun yer almasını, musiqinin xalqlar arasında mənəvi yaxınlıq yaratmaq gücünü nümayiş etdirir. Digər mühüm tarixi şəxsiyyət isə görkəmli kinorejissor Əjdər İbrahimovdur. O, 1959–1962-ci illərdə Vyetnamda yaşayıb və fəaliyyət göstərərək ölkənin milli kino məktəbinin formalaşmasına, yerli rejissor və aktyorların yetişdirilməsinə mühüm töhfələr verib. Onun Vyetnam haqqında yazdığı əsərlərdən birinin vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi də mədəni irsin qarşılıqlı tanıdılması baxımından diqqətəlayiq hadisədir.
Bu gün mədəni əlaqələr yeni layihələr və təşəbbüslərlə daha da zənginləşir. Azərbaycanda ənənəvi olaraq keçirilən Vyetnam Günləri xalqlarımızın milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və tarixi irsinin tanıdılmasına şərait yaradır. 2026-cı ildə bu tədbirin ilk dəfə Bakı ilə yanaşı, Qəbələdə də keçirilməsi mədəni əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir. Vyetnamın tanınmış şairi Mai Van Phanın “Sübh çağı” adlı şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi də ədəbi əlaqələrin inkişafına xidmət edən mühüm hadisədir. Bu kimi təşəbbüslər bir xalqın ədəbiyyatını digər xalqa tanıtmaqla yanaşı, yaradıcı insanlar arasında yeni ünsiyyət imkanları formalaşdırır.
Mədəni dialoqun inkişafında belə tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Çünki bir ölkənin musiqisini dinləmək, ədəbiyyatını oxumaq, milli bayramları və ənənələri ilə tanış olmaq həmin xalqın mənəvi dünyasını daha yaxından anlamağa imkan verir. Qarşılıqlı mədəni tədbirlər stereotiplərin aradan qalxmasına, xalqlar arasında səmimi münasibətlərin yaranmasına və ortaq dəyərlərin üzə çıxmasına kömək edir. Bu səbəbdən Azərbaycan–Vyetnam mədəni əlaqələri ikitərəfli münasibətlərin sadəcə əlavə istiqaməti deyil, onun mənəvi dayaqlarından biri hesab olunmalıdır.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan dövlətinin xarici siyasətinin çoxşaxəli xarakterini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir. Müsahibədə səsləndirilən fikirlərdən aydın olur ki, Azərbaycan öz milli maraqlarını əsas götürməklə yanaşı, beynəlxalq münasibətlərdə dostluq, etimad, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiqdir. Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu siyasətin uğurlu nəticələrindən biridir. Siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla, iqtisadi münasibətlərin isə humanitar və mədəni yaxınlaşma ilə tamamlanması tərəfdaşlığın daha möhkəm və davamlı olmasına şərait yaradır.
Beləliklə, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı tarixi dostluğun müasir dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilməsinin uğurlu nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dostluq ənənələri Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu münasibətlərdə Yeni Azərbaycan Partiyasının beynəlxalq siyasi əlaqələri, humanitar təşəbbüslər, təhsil və mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət mühüm rol oynayır. Əminliklə demək olar ki, mövcud siyasi iradə, qarşılıqlı maraq və möhkəm dostluq ənənələri Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın gələcəkdə daha geniş miqyas almasına, xalqlarımızın yaxınlaşmasına və hər iki dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.
Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi



