Kəlbəcər Şəhəri Günü: Tarixi qayıdışın və yenidən dirçəlişin təntənəsi

Hər il noyabrın 25-də qeyd olunan Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan tarixi hadisənin rəmzidir. Bu gün doğma torpağa bağlılığın, milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin bərpasının təcəssümüdür. Kəlbəcər Azərbaycanın zəngin təbiəti, qədim tarixi və mədəni irsi ilə seçilən dilbər guşələrindən biridir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ağır məhrumiyyətlər yaşadı. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, tarixi-mədəni abidələri və sosial infrastrukturu dağıdıldı, minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur oldu. Lakin kəlbəcərlilərin Vətənə qayıdış ümidi heç vaxt sönmədi.
2020-ci il noyabrın 25-də, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Kəlbəcər Azərbaycana qaytarıldı. Bu hadisə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi günün əhəmiyyətini daha da artırdı.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, yolların, yaşayış binalarının, sosial obyektlərin inşası və ərazinin minalardan təmizlənməsi doğma şəhərin gələcək inkişafına xidmət edir. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışının başlanması isə Böyük Qayıdış prosesində mühüm mərhələdir.
Kəlbəcərin dirçəlişi yalnız şəhərin yenidən qurulması deyil, həm də milli yaddaşın, tarixi irsin və həyat ənənələrinin bərpasıdır. Bu əziz gün şəhidlərimizin fədakarlığını ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını qiymətləndirmək və gələcək nəsillərə Vətən sevgisini aşılamaq baxımından böyük məna daşıyır.
Kəlbəcər Şəhəri Günü xalqımızın birliyinin, qələbə əzminin və quruculuq iradəsinin təntənəsidir. Doğma yurda qayıdan sakinlərin səsi, yenidən salınan küçələr və qurulan həyat Kəlbəcərin gələcəyə inamla addımladığını göstərir. Kəlbəcər yenidən dirçəlir və Azərbaycanın inkişaf tarixində öz layiqli yerini tutur.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



