AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Yeni Kəlbəcər – müasir şəhərsalma və dayanıqlı inkişaf modeli

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Bu prosesdə əsas məqsəd dağıdılmış yaşayış məntəqələrini bərpa etməklə kifayətlənməmək, eyni zamanda müasir tələblərə cavab verən, ekoloji cəhətdən dayanıqlı və insanların rahat yaşayışı üçün əlverişli məkanlar yaratmaqdır. Kəlbəcər şəhərinin yenidən qurulması da bu baxımdan Azərbaycanın müasir şəhərsalma yanaşmasının mühüm nümunələrindən biridir.

İşğal illərində Kəlbəcərin yaşayış və sosial infrastrukturu ciddi dağıntılara məruz qalmışdı. Şəhərin əvvəlki siması dəyişdirilmiş, bir çox yaşayış və inzibati obyektlər yararsız vəziyyətə salınmışdı. Bu səbəbdən azadlıqdan sonra qarşıya qoyulan əsas vəzifələrdən biri şəhərin tarixi kimliyini qorumaqla yanaşı, müasir şəhərsalma prinsipləri əsasında yenidən formalaşdırılması oldu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi bu istiqamətdə mühüm addım idi. Baş plan şəhərin yaşayış, ictimai, nəqliyyat və sosial infrastrukturunun kompleks şəkildə inkişafını nəzərdə tutur. Burada yaşıllıq sahələrinin genişləndirilməsi, parkların salınması, ictimai məkanların yaradılması və şəhər mühitinin təbii landşaftla uzlaşdırılması əsas prinsiplər sırasındadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti çərçivəsində Kəlbəcərdə yeni yaşayış kompleksləri, inzibati binalar, təhsil və digər sosial obyektlər inşa edilir. Bu layihələr insanların rahat yaşayışını təmin etməklə yanaşı, şəhərin gələcək iqtisadi və ictimai həyatının formalaşmasına xidmət edir. Müasir mühəndislik həllərinin tətbiqi və infrastrukturun kompleks şəkildə qurulması Kəlbəcərin uzunmüddətli inkişafına zəmin yaradır.

Yeni Kəlbəcər keçmişin tarixi yaddaşını müasir inkişaf imkanları ilə birləşdirən şəhər olacaq. Burada yaradılan hər bir yaşayış kompleksi, park, məktəb və ictimai məkan doğma yurda qayıdan sakinlərin yeni həyatına xidmət edəcək. Kəlbəcər Şəhəri Günü bu qədim şəhərin yenidən qurulmasının, müasir Azərbaycanın quruculuq əzminin və gələcəyə inamının rəmzidir.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button