AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Vyetnam müsahibəsi: münasibətlərdə yeni mərhələ

2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin tarixinə, mövcud əməkdaşlığın vəziyyətinə və gələcək perspektivlərinə işıq salan mühüm siyasi məzmunlu çıxış kimi diqqət çəkir. Müsahibədə iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq əlaqələri, strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi və humanitar sahədə həyata keçirilən birgə təşəbbüslər ətraflı şəkildə əks olunub.

Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri 1959-cu ilə, Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır. Bu səfər iki xalq arasında dostluğun və qarşılıqlı etimadın əsasını qoyan mühüm hadisə olub. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və göstərdiyi təşəbbüslər əlaqələrin inkişafına yeni təkan verib. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın təməlini möhkəmləndirib.

Prezident İlham Əliyev müsahibəsində bu tarixi ənənələrin müasir dövrdə də uğurla davam etdirildiyini vurğulayıb. 2014-cü ildə dövlət başçısının Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlər olub. Xüsusilə 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Səfər zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm sənəd kimi tarixə düşüb.

Bu gün Azərbaycan və Vyetnam arasında siyasi dialoq qarşılıqlı hörmət, bərabərhüquqluluq və ortaq maraqlar prinsipləri əsasında inkişaf edir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafı siyasi əməkdaşlığın mühüm istiqamətlərindən biridir.

Müsahibədə iqtisadi və ticari münasibətlərin genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi əməkdaşlığın müsbət dinamikasını göstərir. Bununla belə, mövcud potensial daha böyük imkanların olduğunu deməyə əsas verir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, investisiya və nəqliyyat-logistika sahələrində yeni layihələrin həyata keçirilməsi qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yarada bilər.

Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının ənənəvi və mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı üzrə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə maraq göstərməsi investisiya əməkdaşlığının perspektivlərini nümayiş etdirir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu da iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması ölkəmizin tranzit imkanlarından səmərəli istifadə edilməsinə şərait yarada bilər. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu istiqamətdə əməkdaşlığın inkişaf etdiyini göstərir.

Azərbaycan-Vyetnam münasibətlərində humanitar sahə də xüsusi yer tutur. Prezident İlham Əliyevin müsahibəsində Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib. Fondun Vyetnamda həyata keçirdiyi təhsil və infrastruktur layihələri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.

Elm və təhsil sahəsində əməkdaşlıq da zəngin tarixi ənənələrə söykənir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması ölkələrimiz arasında formalaşmış möhkəm əlaqələrin göstəricisidir. Bu gün də universitetlər arasında tərəfdaşlıq müqavilələri, təhsil proqramları və akademik mübadilələr davam etdirilir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə iki xalqın tarixi dostluğuna verilən yüksək dəyərin rəmzidir.

Mədəniyyət sahəsində əlaqələr də xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə Bakı və Qəbələdə təşkil olunan dördüncü festival, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri mədəni əməkdaşlığın uğurlu nümunələridir. Həmçinin bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri və rejissor Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələr bu dostluğun mədəni tariximizdə də özünəməxsus yer tutduğunu göstərir.

İki ölkə arasında dostluq münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, çətin günlərdə qarşılıqlı dəstək və həmrəylikdə də özünü göstərir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi humanist dəyərlərə və dost ölkəyə olan səmimi münasibətə əsaslanır.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan xarici siyasətində dostluq, qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə xüsusi önəm verir. Vyetnamla münasibətlərin tarixi təcrübəyə əsaslanaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsi hər iki ölkənin iqtisadi və siyasi maraqlarına xidmət edir.

Beləliklə, Azərbaycan ilə Vyetnam arasında formalaşmış dostluq əlaqələri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimizin malik olduğu iqtisadi, enerji, nəqliyyat, elm və mədəniyyət potensialı gələcək əməkdaşlıq üçün geniş imkanlar açır. Əminliklə demək olar ki, dövlət başçısının Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki xalq arasında dostluğun daha da möhkəmləndirilməsi, yeni birgə layihələrin reallaşdırılması və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Cavid Kərimov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button