
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında humanitar əməkdaşlıq, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələr xüsusi yer tutur. Dövlətlərarası münasibətlərin möhkəmliyi yalnız siyasi və iqtisadi göstəricilərlə deyil, həm də xalqlar arasında formalaşmış səmimi dostluq, qarşılıqlı anlaşma və mənəvi bağlılıqla ölçülür. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində bu istiqamətdə həyata keçirilən təşəbbüslərə geniş yer ayırması humanitar əlaqələrin əhəmiyyətini bir daha təsdiqləyir.
Heydər Əliyev Fondu Azərbaycan ilə Vyetnam arasında humanitar münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. Fondun həyata keçirdiyi layihələr təhsil, sosial dəstək və infrastruktur təşəbbüslərini əhatə edir. Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, müxtəlif təhsil proqramlarının dəstəklənməsi və digər humanitar layihələr Azərbaycan tərəfinin dost ölkənin inkişafına verdiyi töhfənin göstəricisidir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar əlaqələrin inkişafı baxımından əlamətdar olub. Səfər çərçivəsində ölkə rəhbərliyi, yaradıcı ziyalılar və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlərin keçirilməsi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyinin göstərilməsi qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.
Təhsil sahəsində əməkdaşlıq iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsində mühüm vasitədir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin zəngin tarixə malik olduğunu göstərir. Həmin şəxslər Azərbaycanda qazandıqları bilik və təcrübəni sonradan Vyetnamın inkişafı naminə tətbiq edərək ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə veriblər.
2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da ortaq tarixə ehtiramın ifadəsi olub. Bu hadisə iki xalq arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin rəmzi xarakter daşıyır.
Mədəniyyət sahəsində keçirilən tədbirlər, Vyetnam Günləri, ədəbi nəşrlər və yaradıcılıq mübadilələri xalqların bir-birinin milli dəyərlərini daha yaxından tanımasına şərait yaradır. Qara Qarayevin “Vyetnam süitası”, Əjdər İbrahimovun Vyetnam kino sənətinə verdiyi töhfələr də mədəni əlaqələrin tarixi zənginliyini nümayiş etdirir.
Humanitar əməkdaşlıq xalqlar arasında etimadı artıran, münasibətlərə mənəvi dərinlik qazandıran və dostluğun davamlılığını təmin edən mühüm amildir. Azərbaycan–Vyetnam əlaqələrinin bu istiqamətdə inkişafı gələcək nəsillərin də qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda yetişməsinə xidmət edir.
Təhmasib Məmmədov,
YAP Xətai rayon təşkilatının fəalı



