AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Vyetnam münasibətləri: Qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələsi

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərinə dair mühüm strateji mesajlarla yadda qalıb. Dövlət başçısı dost Vyetnama səfərini səbirsizliklə gözlədiyini bildirərək, bu səfərin Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşməsində daha bir mühüm addım olacağına əminliyini ifadə edib. Müsahibədə hər iki ölkənin müasir inkişaf xüsusiyyətləri dəqiq şəkildə səciyyələndirilib. Vyetnam Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən ölkə, Azərbaycan isə Cənubi Qafqazda əsas nəqliyyat, logistika və enerji qovşağı kimi təqdim olunub. Bu iki dinamik inkişaf modelinin uzlaşdırılması yeni əməkdaşlıq formatlarının yaranmasına yol açır. Dövlət başçısının müsahibəsində səsləndirdiyi əsas strateji tezislərdən biri güclərin birləşdirilməsi ilə bağlıdır.

Prezident İlham Əliyev qeyd edib: “Güclərimizi birləşdirməklə biz yeni bazarlara çıxış əldə edə, birgə layihələr həyata keçirə, biznes və investisiyalar üçün əlavə imkanlar yarada bilərik.” Bu fikir ikitərəfli əməkdaşlığın yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmayaraq daha geniş regional və qlobal iqtisadi məkanlara açıldığını göstərir. Sənaye, enerji, bərpaolunan enerji, logistika və ticarət sahələrində birgə səylər hər iki tərəfin rəqabət qabiliyyətini artıra bilər. Müxtəlif regionlarda yerləşən, lakin oxşar inkişaf ambisiyalarına malik ölkələrin əməkdaşlığı sinerji effekti yaradır.

Müsahibənin yekununda səslənən ümumiləşdirici fikir əməkdaşlığın məqsədini və perspektivini aydın şəkildə ifadə edir. Prezident İlham Əliyev vurğulayıb: “Əməkdaşlığımız, şübhəsiz ki, konstruktiv qarşılıqlı fəaliyyət və hər iki ölkəyə, onların xalqlarına real fayda gətirmək üçün böyük potensiala malikdir.” “Real fayda” prinsipi əməkdaşlığın nəzəri bəyanatlardan daha çox konkret nəticələrə, iş yerlərinə, ticarət artımına, birgə layihələrə və sosial rifaha yönəldiyini göstərir. Rəsmi səfər çərçivəsində aparılacaq danışıqların və imzalanacaq sənədlərin bu potensialın reallaşdırılmasına yeni impuls verəcəyi gözlənilir.

Bütövlükdə, 19 noyabr 2026-cı il tarixli müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi yola hərtərəfli nəzər salmaqla yanaşı, gələcək illərin yol xəritəsinə dair aydın istiqamətlər müəyyənləşdirir. Tarixi dostluq, siyasi qarşılıqlı anlaşma, artan ticarət və tranzit göstəriciləri, eləcə də humanitar həmrəylik tərəfdaşlığın möhkəm əsaslarını təşkil edir.

Səfər və ondan sonrakı mərhələ iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə, yeni iqtisadi və humanitar təşəbbüslərin həyata keçirilməsinə xidmət edəcək. Nəticə etibarilə, Azərbaycan və Vyetnam qarşılıqlı hörmət və ortaq maraqlar əsasında uzunmüddətli və məhsuldar əməkdaşlığı davam etdirməyə qərarlıdır.

Rəna Əhmədova,
Nizami rayonu 251 saylı məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button