
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü münasibətilə YAP Şəki rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə YAP Şəki rayon təşkilatının rəhbərliyi, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Ərazi partiya təşkilat sədrləri, partiya fəalları, partiya üzvü olan şəhid valideynləri, partiya veteranları, gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının təsisçisi, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1992-ci ildə cəmiyyətin tələbi və xalqın iradəsi ilə yaradılan Yeni Azərbaycan Partiyası müasir Azərbaycan dövlətinin siyasi dayağına, milli inkişaf strategiyasının aparıcı qüvvəsinə çevrilmiş, qısa zaman çərçivəsində xalqı ətrafına toplayaraq iqtidar partiyası olmuş, eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləmiş və Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğrultmuşdur.
Təşkilat sədri həmçinin Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən islahatlar, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu barədə geniş məlumatlar səsləndirib və bildirib ki, YAP bu gün də xalqın etimadını doğruldan, dövlətçilik maraqlarını qoruyan, milli birliyə və inkişaf strategiyasına töhfə verən siyasi qüvvədir.
Daşqın Mikayılov çıxışında Yeni Azərbaycan Partiyasının 2 oktyabr 2026-cı il tarixində keçirilmiş VIII qurultayının tarixi və siyasi əhəmiyyətini xüsusi vurğulayıb və Yeni Azərbaycan Partiyasının Sədri Prezident cənab İlham Əliyevin qurultaydakı geniş məzmunlu, proqram xarakterli çıxışının əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası ötən 34 ildən artıq müddətdə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurur, dövlətçilik maraqlarının qorunmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir.
Həmçinin YAP Şəki rayon təşkilatının fəaliyyəti, yüksək səviyyədə həyata keçirilən tədbirlər, sosial təşəbbüslər və qarşıda duran vəzifələr barədə geniş, ətraflı məlumat verib.
Çıxışının sonunda Daşqın Mikayılov vurğulayıb ki, YAP üzvlərinin üzərinə düşən əsas vəzifələrdən biri partiyanın ideya və prinsiplərini cəmiyyət arasında geniş təbliğ etmək, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ətrafında sıx birləşmək, ölkəmizin tərəqqisi naminə fəal vətəndaş mövqeyi nümayiş etdirməkdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elman İmamverdiyev, şəhid Elçin Nadirovun anası Rəmziyyə Nadirova, Partiya veteranı Marif Abdurahmanov partiyanın keçdiyi şərəfli yolun hər bir mərhələsini xalq-dövlət birliyinin nəticəsi kimi səciyyələndirərək, YAP-ın bu gün də ölkəmizin yüksəlişi naminə ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıblar. Tədbirdə YAP-ın ideoloji prinsiplərinin cəmiyyət üçün önəmi, vətənpərvərlik, dövlətçilik, inkişaf və həmrəylik kimi dəyərlərin gənc nəslə aşılanmasının vacibliyi xüsusi qeyd olunub. Natiqlər Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi naminə uğurlu fəaliyyətini davam etdirəcəyinə əminliklərini ifadə ediblər.
Tədbirdə YAP Şəki rayon təşkilatının fəaliyyətində aktiv və səmərəli xidmət göstərən bir neçə üzvə Fəxri Fərman, partiya sıralarına yeni qəbul olunan üzvlərə isə üzvlük vəsiqələri təqdim edilmişdir.
Daha sonra ədəbi-bədii kompozisiya nümayiş olunmuş, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və vətənpərvərlik mövzusunda mahnı və şerlər səsləndirilmişdir.
Sonda Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə tədbir başa çatmışdır.




