
Qlobal iqtisadiyyatda nəqliyyat və logistika marşrutları dövlətlərin strateji əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Beynəlxalq ticarətin davamlılığı, təchizat zəncirlərinin təhlükəsizliyi və alternativ nəqliyyat yollarının inkişafı ölkələrin iqtisadi əməkdaşlığında mühüm rol oynayır. Azərbaycan əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi infrastruktur siyasəti sayəsində Şərqlə Qərb arasında mühüm bağlantı məkanlarından biri kimi çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə nəqliyyat infrastrukturunun inkişafına, liman və dəmir yolu imkanlarının genişləndirilməsinə, avtomobil yollarının yenilənməsinə xüsusi diqqət yetirilib. Bu investisiyalar Azərbaycanın tranzit potensialının artırılmasına və beynəlxalq nəqliyyat sistemində rolunun gücləndirilməsinə xidmət edir. Orta Dəhliz də həmin strategiyanın mühüm istiqamətlərindən biridir.
Böyük Britaniya ilə imzalanmış Birgə Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin xüsusi qeyd edilməsi bu marşrutun beynəlxalq əhəmiyyətini artırır. Sənəddə nəqliyyat, logistika və infrastruktur layihələrinin inkişafı vasitəsilə sərhədlərarası ticarətin və investisiyaların asanlaşdırılması nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın regional bağlantı layihələrindəki roluna verilən siyasi və iqtisadi diqqətin göstəricisidir.
Orta Dəhlizin inkişafı Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artırılması demək deyil. Bu marşrut ölkənin sənaye, xidmət, logistika, anbar təsərrüfatı və ticarət sektorlarında yeni imkanlar yaradır. Eyni zamanda regional dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığı gücləndirərək əməkdaşlıq mühitinin genişlənməsinə töhfə verə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyat siyasəti Azərbaycanın geoiqtisadi mövqeyini daha da möhkəmləndirməyə istiqamətlənib. Böyük Britaniya ilə strateji tərəfdaşlıq çərçivəsində Orta Dəhliz üzrə əməkdaşlığın genişlənməsi ölkəmizin beynəlxalq ticarət sistemindəki rolunu artırmaq potensialına malikdir. Bu imkanlardan səmərəli istifadə Azərbaycanın uzunmüddətli iqtisadi maraqlarına xidmət edəcək.
Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri



