GündəmSosial

12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 12-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin rəhbər şəxsləri və əməkdaşları, ərazi partiya təşkilat (ƏPT) sədrləri, müavinlər, partiya fəalları və ziyalılar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiəlik sükutla yad edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov və Şəki Regional ASAN Xidmət Mərkəzinin direktoru, ƏPT sədri Bəhruz Nəsibov, Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Xumar Musayeva çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin müstəqil dövlət quruculuğu tarixində mühüm mərhələ olduğu vurğulanıb. Bildirilib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Əsas Qanun ölkəmizdə hüquqi dövlət quruculuğunun, demokratik inkişafın və insan hüquq və azadlıqlarının təmin edilməsinin fundamental hüquqi əsasını təşkil edir.
Natiqlər müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan bəhs edərək qeyd ediblər ki, Konstitusiyanın hazırlanması və qəbul edilməsi bilavasitə Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm nəticələrindən biridir. Məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi və hüquqi strategiya ölkəmizdə sabitliyin, qanunun aliliyinin və müstəqil dövlət institutlarının möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradıb.
Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi vurğulanıb.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların təmin edilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi islahatların davam etdirilməsi və Azərbaycanın müasir inkişaf tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də diqqət çəkilib.
Sonda qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin və hüquqi dövlətçilik ənənələrimizin əsas təminatlarından biridir. Əsas Qanuna hörmət, onun müddəalarına əməl edilməsi və hüquqi düşüncə mədəniyyətinin yüksəldilməsi hər bir vətəndaşın mühüm vəzifəsidir.

Oxşar Xəbərlər

Back to top button