
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyinin, dövlətçilik ənənələrinin, azadlıq və müstəqillik ideallarının, milli birliyimizin və suverenliyimizin ən müqəddəs rəmzlərindən biridir. Üçrəngli bayrağımız əsrlər boyu azadlıq arzusu ilə yaşayan xalqımızın mübarizə əzmini, tarixi yaddaşını və gələcəyə olan inamını özündə təcəssüm etdirir. Bu bayraq Azərbaycan xalqının müstəqil yaşamaq iradəsinin, milli qürurunun və dövlətçilik əzminin parlaq ifadəsidir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci ilə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, üzərində ağ aypara və səkkizguşəli ulduz təsvirindən ibarət üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Bu tarixi qərar Azərbaycan xalqının müstəqillik və milli dövlətçilik arzularının gerçəkləşməsinin mühüm göstəricisi olmuşdur.
Bayrağımızın rəngləri dərin məna daşıyır. Mavi rəng türk mənşəyimizi və türkçülük ideyasını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin və dövlətçilik rəmzlərimizin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi rəsmi statusunu itirsə də, xalqımızın qəlbində və milli istiqlal düşüncəsində yaşamaqda davam etmişdir. Uzun illər ərzində bu bayraq müstəqillik ideyasının, milli azadlıq mübarizəsinin və tarixi ədalətin bərpası istəyinin simvoluna çevrilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən biri də üçrəngli Dövlət Bayrağımızın yenidən milli dövlətçilik rəmzi kimi bərpa olunması istiqamətində atdığı tarixi addımlardır.
1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılmışdır.
Bu qərar milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik hadisə olmaqla, müstəqilliyə gedən yolda mühüm siyasi və mənəvi addım idi. Ulu Öndər bununla xalqımızın tarixi yaddaşına, milli istiqlal ideyalarına və Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinə sədaqətini nümayiş etdirmişdir.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar vermiş, həmin il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası öz dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını bərpa etmişdir. Beləliklə, Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanda başlanan milli dirçəliş prosesi ümumxalq və dövlət səviyyəsində tarixi təsdiqini tapmışdır.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyev Dövlət Bayrağımızın uca tutulmasına, onun dövlətçilik rəmzi kimi təbliğinə və xalqımızın milli qürur mənbəyinə çevrilməsinə xüsusi diqqət yetirmişdir.
Dövlət başçısının 2007-ci il noyabrın 17-də imzaladığı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam bu istiqamətdə atılmış mühüm tarixi addımlardan biri olmuşdur. Həmin Sərəncam əsasında paytaxt Bakıda Dövlət Bayrağı Meydanının yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu qərar dövlət rəmzlərimizə hörmət və ehtiramın daha da gücləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı keçirilmişdir. Meydanın yaradılması Azərbaycan dövlətinin milli rəmzlərə verdiyi yüksək dəyərin, müstəqilliyimizin və suverenliyimizin əzəmətli təcəssümünə çevrilmişdir.
Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə Dövlət Bayrağına ehtiramın artırılması, onun dövlət qurumlarında, ictimai məkanlarda, təhsil və mədəniyyət müəssisələrində ucaldılması, bayraq sevgisinin vətənpərvərlik tərbiyəsinin mühüm istiqamətlərindən birinə çevrilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Dövlət Bayrağı müasir tariximizin ən şərəfli səhifələrində də öz layiqli yerini tutmuşdur. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər üçrəngli bayrağımızın ərazi bütövlüyümüzün bərpa olunduğu torpaqlarda dalğalanması ilə nəticələnmişdir.
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi, doğma Şuşamızda, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə Azərbaycan bayrağının ucaldılması xalqımızın milli qürurunu daha da yüksəltmişdir. Şuşanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi tarixi fikirlər və şəhərin mərkəzində Azərbaycan Bayrağının ucaldılması Zəfər tariximizin unudulmaz anlarına çevrilmişdir.
2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində bərpa edilməsi və üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Xocavənddə və digər yaşayış məntəqələrində ucaldılması dövlətçilik tariximizin yeni və möhtəşəm mərhələsini təşkil etmişdir.
Bu gün üçrəngli bayrağımız yalnız dövlət sərhədlərimiz daxilində deyil, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərimizin yerləşdiyi ünvanlarda, mötəbər beynəlxalq tədbirlərdə və idman arenalarında da Azərbaycanın müstəqilliyini, gücünü və nüfuzunu təmsil edir. Bayrağımızın beynəlxalq arenalarda yüksəldilməsi hər bir azərbaycanlı üçün böyük fəxr və qürur mənbəyidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağına hörmət və ehtiram hər bir vətəndaşın mənəvi borcu, dövlətə və Vətənə sədaqətinin ifadəsidir. Dövlət bayrağımızın ucalığı xalqımızın birliyinin, həmrəyliyinin, milli-mənəvi dəyərlərinə bağlılığının və müstəqil dövlətçilik iradəsinin göstəricisidir.
Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixi, onun daşıdığı mənəvi dəyərlər və dövlətçilik fəlsəfəsi barədə maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir, milli tarixə və gələcəyə məsuliyyət hissidir.
Bu gün hər bir azərbaycanlı əminliklə deyə bilər ki, üçrəngli bayrağımız müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin əbədi rəmzidir. Onun dalğalanması Azərbaycan xalqının azadlıq əzminin, milli iradəsinin və dövlətçilik əzəmətinin təcəssümüdür.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanın üçrəngli bayrağının daim yüksəklərdə dalğalanmasını arzulayırıq. Bu müqəddəs bayraq tarix boyu olduğu kimi, gələcək nəsillər üçün də qürur, şərəf və Vətən sevgisi rəmzi olaraq yaşayacaqdır.
Bayrağımız ucalarda, dövlətimiz daim var olsun!
Yaşasın müstəqil Azərbaycan!
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini,
Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəsi



