
Azərbaycanın üçrəngli bayrağı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin ən müqəddəs rəmzlərindəndir. Bu bayrağın ucalığı uğrunda minlərlə Vətən övladı canından keçmiş, sağlamlığını itirmiş və misilsiz qəhrəmanlıq göstərmişdir. Dövlət Bayrağı Günü həmin qəhrəmanların xatirəsini ehtiramla yad etmək üçün də mühüm fürsətdir.
1918-ci ildə qəbul edilən üçrəngli bayraq müstəqil Azərbaycan dövlətinin ideallarını ifadə edirdi. Bu rəmz xalqımızın milli kimliyini və azad yaşamaq iradəsini özündə birləşdirirdi. Sonrakı tarixi mərhələlərdə bayrağımız müstəqillik mübarizəsinin əsas simvollarından biri olaraq qaldı.
Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə müxtəlif dövrlərdə ağır sınaqlarla müşayiət olunmuşdur. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan əsgərləri böyük qəhrəmanlıq nümayiş etdirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər xalqımızın illərlə gözlədiyi ədalətin bərpasına yol açdı.
Şəhidlərimizin müqəddəs qanı ilə azad edilən torpaqlarda bu gün üçrəngli bayrağımız dalğalanır. Hər bir ucaldılmış bayraq dirəyi Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsidir. Qazilərimizin fədakarlığı və müharibə iştirakçılarının xidmətləri də bu tarixin ayrılmaz hissəsidir.
Şəhidlərimizin bizə əmanət etdiyi müstəqilliyi qorumaq, dövlətimizi inkişaf etdirmək və bayrağımızı daim uca tutmaq hər birimizin borcudur. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Üçrəngli bayrağımız şəhidlərimizin əbədi yaşayan xatirəsidir
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini



