Zəfər Yolu: Şuşaya Gedən Müqəddəs Marşrut

2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşa şəhərini azad etmək üçün keçdiyi çətin dağlıq və meşəlik ərazilər bu gün müasir infrastrukturun şah əsərinə – Zəfər yoluna çevrilmişdir. Füzuli rayonundan başlayaraq Şuşaya qədər uzanan bu avtomobil yolu qəhrəman əsgərlərimizin qanı ilə açılmış müqəddəs marşrutun üzərində inşa edilmişdir.
Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddət ərzində yüksək keyfiyyətlə tikilib istifadəyə verilən Zəfər yolu Qarabağın bərpası və dirçəlişi prosesində mühüm strateji əhəmiyyət daşıyır. Bu yol təkcə nəqliyyat əlaqəsini təmin etmir, eyni zamanda Azərbaycan xalqının qələbə əzminin və quruculuq gücünün rəmzi kimi çıxış edir.
Zəfər yolunun inşası ilə yanaşı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun da çəkilməsi şəhərə gediş-gəlişi xeyli asanlaşdırmış, regionun turizm və iqtisadi potensialını artırmışdır. Müasir standartlara cavab verən bu yollar Şuşanın ölkənin digər bölgələri ilə sıx inteqrasiyasını təmin edir.
Bu gün Zəfər yolu ilə Şuşaya üz tutan hər bir vətəndaş yol boyu igidlərimizin keçdiyi şanlı döyüş yolunu xatırlayır və qazanılan böyük zəfərin qürurunu yaşayır. Bu yol Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına uzanan əbədi inkişaf və tərəqqi yoludur.
Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri




