AnalitikaGündəmSiyasət

8 Noyabr–Zəfər Günü və Şuşa Şəhəri Günü: Doğma Şuşaya qayıdışın təntənəsi

8 Noyabr Azərbaycan xalqının tarixində dövlətçilik iradəsinin, milli birliyin, vətənpərvərliyin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar gün həm Şuşa şəhərinin işğaldan azad edilməsinin, həm də Vətən müharibəsində qazanılmış tarixi Zəfərin təntənəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin çıxışında səsləndirdiyi “Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq” fikri xalqımızın onilliklər boyu yaşatdığı qayıdış arzusunun gerçəkləşməsini ifadə edir. Bu sözlər yalnız bir şəhərə qayıdışın deyil, həm də milli yaddaşın, tarixi irsin və mənəvi bağlılığın yenidən öz ünvanına qovuşmasının mahiyyətini özündə əks etdirir.
Şuşa Azərbaycan xalqı üçün sadəcə coğrafi məkan deyil. O, milli mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın və tarixi kimliyimizin ayrılmaz parçasıdır. Qarabağın tacı adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycanın mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi tanınıb. Xarıbülbülün, Cıdır düzünün, qədim memarlıq nümunələrinin və böyük sənətkarların vətəni olan Şuşa xalqımızın mənəvi dünyasında həmişə xüsusi mövqeyə malik olub.
1992-ci il mayın 8-də Şuşanın işğal olunması Azərbaycan xalqının yaddaşında ağır bir tarix kimi qaldı. Lakin illər keçsə də, xalqımız doğma torpaqlarına qayıdacağına olan inamını itirmədi. Dövlətin müəyyən etdiyi siyasi və hərbi strategiya, ordumuzun hazırlığı, xalqımızın birliyi və əsgər-zabitlərimizin qəhrəmanlığı bu tarixi məqsədin reallaşmasına zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi isə hərbi əməliyyatların gedişində həlledici hadisələrdən biri kimi tarixə düşdü. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə oldu.
Şuşanın azad olunması həm də xalqımızın mənəvi gücünün, torpağa bağlılığının və sarsılmaz iradəsinin təcəssümü idi. Bu Zəfərin əldə olunmasında canlarından keçən şəhidlərimizin, sağlamlıqlarını itirən qazilərimizin və Vətən uğrunda fədakarlıq göstərən bütün hərbçilərimizin xidmətləri heç vaxt unudulmayacaq. Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi, 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə “Şuşa Şəhəri Günü” kimi müəyyən edilmiş və bu gün ölkəmizdə Qələbə və bayram günü kimi təntənəli şəkildə qeyd edilir.
Bu gün azad Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi-mədəni abidələrin yenidən həyata qaytarılması, şəhərin sosial infrastrukturunun inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tarixi qayıdışın davam etdiyini göstərir. Şuşanın yenidən mədəniyyət paytaxtı kimi canlanması onun Azərbaycanın ictimai, mədəni və mənəvi həyatındakı əhəmiyyətini bir daha nümayiş etdirir.
8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü xalqımızın keçmişini, bu gününü və gələcəyini birləşdirən əlamətdar tarixdir. Bu gün biz həm tarixi Qələbənin sevincini yaşayır, həm də həmin Qələbə naminə həyatlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edirik.
Şuşanın azadlığı ilə Azərbaycan xalqı öz tarixinin yeni və mühüm səhifəsini yazdı. Zəfərimiz, şəhidlərimizin əziz xatirəsi və doğma torpaqlarımıza qayıdışımız gələcək nəsillər üçün milli yaddaşın və tarixi məsuliyyətin mühüm örnəyi olaraq qalacaq.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini
Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəsi

Oxşar Xəbərlər

Back to top button