
Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Xan Şuşinski küçəsi 51 üzrə (Bakı Şəhəri üzrə Təhsil İdarəsi) ərazi partiya təşkilatında görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn tapşırıqların icrasına həsr olunub.
Görüşdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü YAP Xan Şuşinski küçəsi 51 üzrə ərazi partiya təşkilatının sədri Sevinc Rəsulova aparıb. O, Partiya Sədrinin qurultaydakı nitqinin qarşıdakı illər üçün aydın yol xəritəsi olduğunu vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu qeyd edib. O, Partiya Sədrinin qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, müstəqil və fəal xarici siyasəti, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ı sadalayıb. Azər Süleymanov dövlət başçısının ideoloji təxribatlara qarşı əsas sipərin təhsil və vətənpərvərlik olduğu barədə fikrinə xüsusi diqqət çəkib. O bildirib ki, bu baxımdan təhsil sahəsində çalışan partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
VIII Qurultayın iştirakçısı, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova qurultayla bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, Prezident İlham Əliyevin nitqini zalda canlı dinləmək unudulmaz təəssürat yaradıb. Nitqin «ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir» sözləri səsləndikdə salonda qalib xalqın qüruru hiss olunub. Nərminə Hüseynova vurğulayıb ki, dövlət başçısının «Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, yalanlara, şayiələrə, ideoloji təxribatlara o qədər az uyacaq» fikri təhsil sisteminə verilən yüksək qiymət və böyük məsuliyyətdir. O, məktəblərdə vətənpərvərlik tərbiyəsinin formal tədbirlərlə deyil, canlı tarixlə aparılmasının vacibliyindən danışıb. Şagirdlərə rəqəmsal və media savadlılığının aşılanmasının, eləcə də 1990-cı illərin acı həqiqətlərinin gənc nəslə çatdırılmasının əhəmiyyətini qeyd edib. Nərminə Hüseynova təhsil idarəsində çalışan dövlət qulluqçularından peşəkarlıq, dürüstlük və nümunəvi davranış tələb olunduğunu bildirib.
Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev dövlət başçısının «Böyük Qayıdış»la bağlı fikirlərinə toxunub. O qeyd edib ki, azad edilmiş torpaqlarda məktəblər yenidən qapılarını açır və Bakının təhsil müəssisələri təcrübə mübadiləsi və metodiki dəstəklə bu işə öz töhfəsini verə bilər. Fəttah Fəttayev gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması barədə qərarın təhsil işçiləri tərəfindən də minnətdarlıqla qarşılandığını bildirib.
İdarənin baş məsləhətçisi Xəyalə Rüstəmova Partiya Sədrinin ideoloji işdə şablonlardan, formal tədbirlərdən əl çəkməyin vaxtının çatdığı barədə fikrinə diqqət çəkib. O bildirib ki, təhsil idarəçiliyində hesabat xatirinə keçirilən tədbirlər deyil, real nəticə verən işlər önəmlidir. Bu nəticə məktəbdə, sinifdə, şagirdin biliyində görünməlidir.
Görüşün sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.

















