AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

25 Oktyabr – Qubadlının Zəfər və dirçəliş salnaməsi

Hər bir xalqın tarixində milli qürurun, azadlıq iradəsinin və dövlətçilik əzminin təcəssümünə çevrilən əlamətdar günlər var. 25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycan xalqının yaddaşında belə mühüm tarixlərdən biridir. Bu gün 2020-ci ildə Vətən müharibəsi zamanı Qubadlı şəhərinin işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını və doğma torpaqlara qayıdışın başlanğıcını simvolizə edir.

Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, minlərlə sakin doğma yurdlarından didərgin düşmüşdü. Uzun illər ərzində şəhərin və kəndlərin infrastrukturu dağıdılmış, ərazinin sosial-iqtisadi inkişafı dayanmışdı. Buna baxmayaraq, qubadlılıların doğma torpağa bağlılığı və qayıdış ümidi heç vaxt sönmədi.

2020-ci il oktyabrın 25-də Müzəffər Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. Bu qələbə 44 günlük Vətən müharibəsinin mühüm mərhələlərindən biri olmaqla, Azərbaycanın hərbi qüdrətini, xalq-ordu birliyini və dövlət rəhbərliyinin qətiyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 25-nin Qubadlı Şəhəri Günü elan edilməsi bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirdi.

Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri regionun gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, elektrik təchizatının yaxşılaşdırılması, yaşayış və sosial obyektlərin tikintisi şəhərin müasir inkişaf modelinə uyğun yenidən qurulmasına xidmət edir. Qubadlının strateji coğrafi mövqeyi və təbii potensialı onun iqtisadi imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərin əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəraitdə doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Yeni yaşayış məntəqələrinin salınması, iş yerlərinin yaradılması və sosial xidmətlərin inkişafı Qubadlıda həyatın yenidən canlanmasına imkan verir.

25 Oktyabr – yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, tarixi yaddaşın və gələcəyə inamın təntənəsidir. Qubadlının azadlığı Azərbaycanın Zəfər tarixinin parlaq səhifəsi, dirçəlişi isə dövlətimizin quruculuq əzminin göstəricisidir. Bu gün şəhərin hər bir inkişaf mərhələsi xalqımızın qələbə iradəsini və doğma yurda bağlılığını əks etdirir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button