AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Qubadlıya səfərləri quruculuğun istiqamətlərini müəyyənləşdirir

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin Qubadlıya səfərləri şəhərin inkişafı, infrastruktur layihələrinin icrası və sakinlərin qayıdışına hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər zamanı həyata keçirilən işlərlə tanışlıq və yeni layihələrin təməllərinin qoyulması quruculuq prosesinin ardıcıl xarakterini nümayiş etdirir.

2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev Qubadlıda bir sıra mühüm obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. Qubadlı yarımstansiyasının açılması, Xanlıq–Qubadlı avtomobil yolunun təməlinin qoyulması və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı şəhərin enerji, nəqliyyat və təhlükəsizlik infrastrukturunun inkişafında mühüm mərhələlər oldu.

2022-ci il oktyabrın 19-da keçirilən səfər zamanı Qubadlı şəhərinin Baş planına baxış keçirildi. Həmin səfərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməllərinin qoyulması, su təsərrüfatı layihələrinin nəzərdən keçirilməsi və yeni enerji obyektləri ilə bağlı tədbirlər həyata keçirildi. Bu layihələr şəhərin tarixi yaddaşının qorunması və müasir infrastruktura malik yaşayış məkanına çevrilməsi baxımından əhəmiyyətlidir.

2023-cü il mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın və 600 şagird yerlik məktəbin təməllərinin qoyulması bərpa prosesində yeni mərhələ açdı. Eyni zamanda, Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin bərpası istiqamətində də addımlar atıldı. Bu layihələr şəhər və kəndlərin kompleks şəkildə yenidən qurulmasına xidmət edir.

Prezident İlham Əliyevin Qubadlıya səfərləri dövlətin azad edilmiş ərazilərin inkişafına verdiyi xüsusi önəmi nümayiş etdirir. Layihələrin yerində nəzərdən keçirilməsi, infrastrukturun inkişafının prioritetlərinin müəyyənləşdirilməsi və quruculuq tədbirlərinin əlaqələndirilməsi Böyük Qayıdışın uğurla həyata keçirilməsinə xidmət edir. Qubadlıda görülən işlər tarixi qələbənin davamlı inkişafla möhkəmləndirildiyini göstərir.

Lətifə Əlizadə, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button