GündəmAnalitikaSiyasət

Qubadlıda qurulan yeni həyat şəhidlərin xatirəsinə ehtiramdır

Qubadlı torpağı Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutur. Rayonun müdafiəsi və azadlığı uğrunda minlərlə insanın göstərdiyi fədakarlıq, şəhidlərin müqəddəs xatirəsi və qazilərin qəhrəmanlığı bu torpağın mənəvi dəyərini daha da artırır. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi uzun illər davam edən mübarizənin tarixi nəticələrindən biri oldu.

Birinci Qarabağ müharibəsində Qubadlı 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər isə itkin düşüb. Rayonun on sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu rəqəmlər təkcə statistik göstəricilər deyil, Vətən uğrunda canından keçən insanların və onların ailələrinin yaşadığı ağır talelərin ifadəsidir. Qubadlının azadlığı həmin fədakarlıqların milli yaddaşımızda əbədi yaşayacağını bir daha təsdiqlədi.

2020-ci ildə başlayan Vətən müharibəsində Qubadlıdan olan yüzlərlə insan könüllü olaraq döyüşlərə qatıldı. Təxminən 300 rayon sakini müharibədə iştirak etdi, 11 nəfər şəhid oldu, 40-dan çox insan isə müharibə veteranı kimi tanındı. Yusifbəyli kəndindən olan 19 yaşlı Vüsal Yaqubovun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi gənclərimizin Vətənə sədaqətinin parlaq nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, qazilərin sosial müdafiəsi və onların cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi Vətən uğrunda fədakarlıq göstərən insanlara ehtiramın ifadəsidir. Bu yanaşma milli həmrəyliyin qorunmasına və qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bu gün Qubadlıda aparılan quruculuq işləri şəhidlərin uğrunda mübarizə apardıqları torpaqlarda yeni həyatın qurulmasını təmin edir. Yeni evlər, məktəblər, yollar və sosial obyektlər doğma yurda qayıdışın real nəticələridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa siyasəti Qubadlının dirçəlməsinə və şəhidlərimizin xatirəsinə layiq gələcəyin qurulmasına xidmət edir.

Pərviz Həsənov, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button