AnalitikaGündəmSiyasət

Zəfər salnaməmizin parlaq şəhəri Qubadlı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışdır. Bu şanlı zəfər yürüşünün ən mühüm və strateji mərhələlərindən biri şübhəsiz ki, Qubadlı şəhərinin düşmən tapdağından azad edilməsi idi. Ölkə başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Oktyabrın 25-nin Qubadlı Şəhəri Günü kimi təsis edilməsi dəhz bu tarixi zəfərin, xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür.

Təbiəti, zəngin sərvətləri və coğrafi vəziyyəti ilə seçilən Qubadlı rayonu ümumilikdə 79.812 hektar torpaq fonduna malikdir. Lakin otuz ilə yaxın davam edən erməni işğalı dövründə bu bərəkətli torpaqlar, dərin tarixi və mədəni irsimiz görünməmiş vandalizmə məruz qalmışdır. İşğalın acı fəsadları nəticəsində rayonun infrastrukturu tamamilə dağıdılmış, yaşayış evləri, məktəblər, tibb müəssisələri, tarixi və dini abidələrimiz yerlə-yeksan edilmiş, təbiətə və meşə fonduna amansız zərər vurulmuşdur. Mənfur düşmən Qubadlının milli-mədəni simasını silməyə cəhd etsə də, xalqımızın bu torpaqlara olan sevgisini, doğma yurda olan sarsılmaz bağlılığını və qayıdış ümidini heç vaxt qıra bilmədi.

Vətən müharibəsində şücaət göstərərək Qubadlının azad olunmasında müstəsna xidmətlər göstərmiş hərbçilərimizin rəşadəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin fərmanı ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmiş, minlərlə qəhrəman əsgər və zabitimiz bu fəxri təltifə layiq görülmüşdür. Bu medal təkcə hərbi qələbənin deyil, həm də dövlət-xalq birliyinin, şəhidlərimizin və qazilərimizin əvəzsiz xidmətlərinə göstərilən ali ehtiramın rəmzidir.

Azad olunmuş torpaqlarımızda bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə misilsiz quruculuq və bərpa işləri həyata keçirilir. Bu çərçivədə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin salınması, müasir infrastrukturun qurulması, yolların çəkilməsi və sakinlərin doğma ocaqlarına təhlükəsiz, rahat qayıdışının təmin edilməsi istiqamətində son dərəcə sürətli, hərtərəfli addımlar atılır. Böyük Qayıdış proqramı çərçivəsində reallaşdırılan irimiqyaslı layihələr Qubadlıya yeni nəfəs verir, regionun iqtisadi potensialını bərpa edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri regionun dirçəlişində müstəsna rol oynayır. Xüsusilə, 25 oktyabr 2021-ci il tarixində ölkə başçısının rayona səfəri çərçivəsində mühüm strateji layihələrin təməli qoyulmuş və açılışları reallaşdırılmışdır. Bu səfər zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi keçirilmiş, regionun enerji təchizatında mühüm əhəmiyyət kəsb edən “Qubadlı” yarımstansiyasının açılışı baş tutmuş və sərhədlərimizin etibarlı mühafizəsini təmin edən Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı reallaşdırılmışdır.

Bu gün əminliklə demək olar ki, Qubadlı özünün yeni inkişaf və renesans dövrünü yaşayır. Tarixi ədalətin bərpa olunduğu bu torpaqlarda həyata keçirilən nəhəng quruculuq işləri dövlətimizin iqtisadi qüdrətinin, siyasi iradəsinin və xalqımızın qurub- yaratmaq əzminin bariz göstəricisidir. Qubadlı Şəhəri Günündə qürurla qeyd edirik ki, öz sahiblərinə qovuşan bu qədim diyar tezliklə regionun ən abad, müasir və çiçəklənən guşələrindən birinə çevriləcəkdir

Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button