Qubadlı Şəhəri Günü- birliyin, gücün və iradənin simvoludur

2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixininə qızıl hərflərlə yazılmış şanlı səhifədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənin illərdir qurub yaratdığı möhkəm istehkamları darmadağın etdi. Cəbhənin müxtəlif istiqamətlərində aparılan əks-hücum əməliyyatları nəticəsində tarixi ədalət bərpa olunmağa başladı.
Qubadlı əməliyyatı Vətən müharibəsinin ən mühüm və strateji mərhələlərindən biri idi. Oktyabr ayının əvvəllərindən etibarən Qubadlı rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycan əsgər və zabitləri misilsiz şücaət, qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək düşməni darmadağın etdilər. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Qubadlı şəhərinin və rayonun bir çox kəndlərinin işğaldan azad olunduğunu rəsmən bəyan etdi. Bu xəbər bütün Azərbaycanda, xüsusilə qubadlılar arasında indesksiz sevinc və qürur hissi yaratdı.
Qubadlı azad olunarkən qəhrəman hərbçilərimiz böyük şücaət göstərdilər, bir çoxları orden və medallarla təltif olundular. Vətən müharibəsində Qubadlı uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsi həmişə ehtiramla yad edilir. Onların qanı bahasına qazanılan bu qələbə xalqımızın milli qürurunu özünə qaytardı. Qubadlı şəhərində və kəndlərində Azərbaycan bayrağının ucaldılması tarixi an kimi yaddaşlara həkk olundu. Döyüşçülərimiz Zəngəzur dağlarında dalğalanan üçrəngli bayrağımızla qələbənin müjdəsini verdilər. Bu zəfər həm də regionda yeni reallıqlar yaratdı, sülhün və təhlükəsizliyin təmin olunmasına zəmin hazırladı. Qubadlı əməliyyatının uğurlu nəticəsi düşmənin müdafiə xəttini tamamilə çökdürdü və qələbəyə gedən yolu açdı.
Müharibədən dərhal sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olunmuş Qubadlı rayonuna səfər etdilər. Səfər zamanı Azərbaycan bayrağı Qubadlı səmasında ucaldıldı və tarixi bəyanatlar səsləndi. Bu səfər dağıdılmış şəhərin bərpası və yenidən qurulması istiqamətində görüləcək işlərin başlanğıcı oldu. Qubadlı Şəhər Günü məhz bu şanlı azadlıq xronologiyasının təntənəsi olaraq hər il böyük coşqu ilə qeyd olunmağa başlandı. Xalqımız üçün bu tarix sadəcə təqvim bayramı deyil, həm də birliyin, gücün və iradənin simvoludur. Qubadlı oğulları Vətən müharibəsində göstərdikləri igidliklərlə adlarını tarixə yazdılar.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə isə uzun ömür və sağlamlıq arzulayırıq. Qubadlı artıq azaddır və onun üzərində əbədi olaraq şanlı bayrağımız dalğalanır. Bu qələbə gələcək nəsillərə yadigar qalan ən böyük mənəvi mirasdır.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



