
Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi şagirdlərin təlim-tərbiyə prosesinə, onların sosiallaşmasına və məktəb mədəniyyətinin formalaşmasına müsbət təsir göstərən mühüm amillərdən biridir. Müasir təhsil sistemində geyim etikası yalnız zahiri görünüşü nizamlamaqla kifayətlənmir, həm də təhsil mühitinin ümumi ab-havasını müəyyən edir.
Vahid geyim sisteminin tətbiq olunmasının başa başlıca məqsədi şagirdlər arasında sosial və iqtisadi fərqlərin görünməz olmasını təmin etməkdir. Müxtəlif təbəqələrdən olan uşaqların eyni görünüşdə olması məktəblilər arasında paxıllıq, fərqlənmə kompleksləri və ya sosial təcrid olunma hallarının qarşısını alır. Bu fakt psixoloji baxımdan xüsusilə yeniyetməlik dövründə olan şagirdlərin özlərini bərabərhüquqlu və rahat hiss etmələri üçün vacib şərait yaradır.
İkinci vacib məqam isə kollektiv şüur və məktəbə mənsubluq hissinin güclənməsidir. Eyni formanı daşıyan şagird özünü böyük bir təhsil ailəsinin üzvü kimi dərk edir. Bu da onlarda həm bir-birinə qarşı hörmət və həmrəylik hissini, həm də mənsub olduğu təhsil ocağının adını uca tutmaq məsuliyyətini formalaşdırır. Təcrübə göstərir ki, vahid formada olan məktəblilərdə nizam-intizam qaydalarına riayət etmə meyli daha yüksək olur.
Bundan əlavə, vahid məktəbli formaları uşaqların diqqətini yayınmağa qoymur. Hər gün nə geyinəcəyi barədə düşünməyən şagird öz enerjisini və vaxtını birbaşa təhsilinə, dərslərinə və yaradıcı fəaliyyətlərə yönəldir. Valideynlər üçün də bu sistem gündəlik geyim axtarışı və əlavə xərclərin qarşısını alan əlverişli bir həlldir.
Nəticədə, vahid məktəbli forması şagirdlərin intizamlı, bərabər və diqqətli yetişməsində mühüm rol oynayır. Məktəb mühitində zahiri fərqliliklərin deyil, bilik, bacarıq və nümunəvi davranışların ön plana çıxması sağlam gələcəyin təməlidir.
Şahzadə Əbdürəhmanova,
YAP Nizami rayon təşkilatının gənc fəalı



