
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın tarixi inkişaf yolunu, əldə etdiyi möhtəşəm nailiyyətləri və gələcək strateji hədəflərini əks etdirir. Qurultay dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpası, iqtisadi qüdrətin artırılması, milli təhlükəsizliyin təmin edilməsi və beynəlxalq nüfuzun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq onun mürəkkəb tarixi şəraitdə yarandığını qeyd edib. 1992-ci ilin noyabrında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya siyasi sabitliyin, dövlətçiliyin və milli həmrəyliyin təmin olunmasında mühüm missiya daşıyıb. Həmin dövrdə Azərbaycanın üzləşdiyi siyasi böhran, ərazi itkiləri və iqtisadi çətinliklər dövlətin gələcəyini təhlükə altına qoymuşdu. Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ölkənin inkişaf istiqamətinin dəyişməsində həlledici rol oynadı.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq mövqelərinin güclənməsinə və iqtisadi potensialının artırılmasına zəmin yaratdı. “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların cəlb edilməsi və dövlətçilik institutlarının möhkəmləndirilməsi sonrakı inkişafın əsasını qoydu. Bu gün həmin siyasi xəttin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanın uğurlarının mühüm amillərindəndir. Zamanla strateji hədəflər dəyişsə də, müstəqillik, dövlətçilik, iqtisadi suverenlik və milli maraqların qorunması dəyişməz prioritetlər olaraq qalır.
Qurultayda diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın tarixi Zəfərlərinin siyasi və geosiyasi əhəmiyyətidir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Bu hadisələr yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, birliyinin və dövlətin qətiyyətinin təntənəsidir. Otuz ilə yaxın davam edən işğala son qoyulması müasir tariximizdə yeni mərhələnin başlanğıcını qoydu.
Tarixi Zəfərlərin qorunması, müdafiə qabiliyyətinin gücləndirilməsi və regionda davamlı sülhün təmin olunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Müasir dünyada artan təhlükəsizlik riskləri güclü ordunun, müasir silahlanmanın və etibarlı sərhəd mühafizəsinin əhəmiyyətini daha da artırır. Bununla yanaşı, ideoloji təhlükəsizlik, milli maraqların informasiya mühitində qorunması, təhsilin inkişafı və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlətin dayanıqlılığının mühüm şərtləridir.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə dezinformasiyaya qarşı mübarizə, milli-mənəvi dəyərlərin qorunması və informasiya savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Təhsilli, düşünən və milli dəyərlərinə bağlı cəmiyyətin formalaşdırılması həm daxili sabitliyin, həm də xarici təzyiqlər qarşısında dayanıqlığın əsas dayaqlarındandır.
Azərbaycanın müstəqil xarici siyasəti və genişlənən beynəlxalq əlaqələri ölkəmizin mövqelərini gücləndirən əsas amillərdəndir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, iqtisadi tərəfdaşlıq və humanitar əməkdaşlıq Azərbaycanın regional və qlobal proseslərdə rolunu artırır. Neft, təbii qaz və elektrik enerjisi ixracı ölkəmizin enerji təhlükəsizliyinə töhfəsini gücləndirir. Eyni zamanda, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə infrastrukturun inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirir, ticarət dövriyyəsinin və məşğulluğun artmasına şərait yaradır.
İqtisadi müstəqillik və maliyyə dayanıqlılığı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm sütunlarıdır. Xarici borcun ÜDM-ə nisbətən aşağı səviyyədə olması, valyuta ehtiyatları və genişlənən investisiya imkanları ölkənin iqtisadi gücünü səciyyələndirir. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, istehsal imkanlarının genişləndirilməsi və yeni texnologiyaların tətbiqi iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir. İqtisadi nailiyyətlərin əhalinin rifahına yönəldilməsi, əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması isə sosial siyasətin əsas istiqamətlərindəndir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi Azərbaycanın inkişaf gündəliyində xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərdə yolların, enerji və kommunikasiya xətlərinin, sosial obyektlərin və yaşayış məntəqələrinin inşası Böyük Qayıdış prosesinin ardıcıl şəkildə davam etdiyini göstərir. Bu proses yalnız insanların doğma yurdlarına qayıtması deyil, həm də məşğulluğun təmin edilməsi, müasir təhsil və səhiyyə imkanlarının yaradılması və bölgələrin ölkə iqtisadiyyatına inteqrasiyası deməkdir. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni həyat Azərbaycanın quruculuq potensialını, milli iradəsini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas istiqamətlərini əhatə edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlər, güclənən iqtisadi potensial və genişlənən beynəlxalq əlaqələr ölkəmizin müasir inkişaf modelinin əsasını təşkil edir.
Bu gün Azərbaycanın qarşısında duran başlıca vəzifə tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini və təhlükəsizliyini daha da möhkəmləndirmək, iqtisadi inkişafı sürətləndirmək və əhalinin rifahını yüksəltməkdir. Milli birlik, siyasi iradə və güclü dövlətçilik bu hədəflərə çatmağın əsas şərtləridir. Qurultayın əsas ideyası da məhz budur: tarixi Zəfərlərlə qazanılmış mövqeləri qorumaq, müstəqil siyasəti davam etdirmək və Azərbaycanın daha qüdrətli gələcəyini təmin etmək.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



