
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gündəliyi son illərdə genişlənərək iqtisadiyyat, nəqliyyat və energetika ilə yanaşı, regional təhlükəsizlik məsələlərini də əhatə edir. Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə çıxış edərkən əməkdaşlığın geosiyasi əhəmiyyətinin yalnız birgə layihələrlə məhdudlaşmadığını bildirib.
Dövlət başçısının çıxışında əsas tezislərdən biri sülh və sabitliyin regional inkişafın təməli olması ilə bağlı olub. Prezident qeyd edib ki, ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunan bütün nailiyyətlərin əsasını təşkil edir və Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin gələcək inkişafı üçün mühüm şərtdir. Bu yanaşma regional əməkdaşlığın məzmununu yalnız iqtisadi layihələrdən daha geniş müstəviyə çıxarır. Çünki nəqliyyat dəhlizlərinin inkişafı, investisiyaların artırılması və enerji layihələrinin həyata keçirilməsi üçün sabit siyasi mühit və təhlükəsiz kommunikasiya imkanları vacibdir.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində qarşılıqlı siyasi dəstək də diqqət çəkən istiqamətlərdəndir. Prezident İlham Əliyev çıxışında ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun inkişaf etdiyini, qarşılıqlı səfərlərin intensiv xarakter aldığını qeyd edib. Eyni zamanda Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələrin, qarşılıqlı investisiyaların və birgə layihələrin artdığı bildirilib. Regional əməkdaşlığın siyasi ölçüsünü Azərbaycanla Mərkəzi Asiya ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətində də görmək mümkündür. Məşvərət formatının genişlənməsi dövlətlərə regional məsələlər ətrafında fikir mübadiləsi aparmaq və ümumi maraq doğuran istiqamətlər üzrə koordinasiyanı artırmaq imkanı verir.
Bu münasibətlərdə humanitar amil də xüsusi yer tutur. Prezident İlham Əliyev Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsünü xüsusi qeyd edib. Eyni zamanda Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasına verdiyi dəstəyə toxunub. Füzulidə Özbəkistanın Mirzə Uluqbəy adına məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Ağdamda Qırğızıstanın Manas adına məktəbi bu əməkdaşlığın nümunələri kimi göstərilib. Humanitar layihələrin fərqli əhəmiyyəti var. İqtisadi və nəqliyyat layihələri dövlətlərarası əlaqələrin maddi əsaslarını möhkəmləndirdiyi halda, təhsil, mədəniyyət və dini-mənəvi xarakterli təşəbbüslər xalqlar arasındakı əlaqələrin sosial əsaslarını gücləndirir.
Türkmənistanla Azərbaycan arasında münasibətlər də bu regional əməkdaşlığın mühüm hissəsidir. Prezident İlham Əliyev iki ölkə arasında son dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini bildirib. Ötən ildən etibarən beş yüksək səviyyəli səfərin baş tutması siyasi dialoqun dinamikliyinin göstəricisi kimi təqdim olunub. Türkmənbaşı görüşünün sonunda Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin rəhbərləri Birgə Bəyanat və Məşvərət formatının tənzimləyici sənədləri ilə bağlı qərar imzalayıblar. Beləliklə, görüşdə səslənən fikirlər regional əməkdaşlığın bir-birini tamamlayan üç əsas dayağını önə çıxarıb: iqtisadi inkişaf, qarşılıqlı bağlantılar və sabitlik. Bu istiqamətlərin paralel inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin gələcək gündəliyinin əsas mövzularından biri olaraq qalır.
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 №li tam orta ümumtəhsil məktəbinin əməkdaşı



