AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin yeni inkişaf mərhələsinin siyasi və strateji konturlarını müəyyənləşdirən mühüm proqram xarakterli çağırışlar kimi xüsusi əhəmiyyət daşıyır. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə keçirilməsi bu siyasi hadisəyə ayrıca məna verir. Artıq qarşıda dayanan məqsədlər yalnız keçmişin ağır mirasını aradan qaldırmaqla məhdudlaşmır, əldə olunmuş tarixi nailiyyətləri daha da möhkəmləndirmək, dövlətimizin qüdrətini artırmaq və gələcək nəsillər üçün daha etibarlı Azərbaycan qurmaq ideyası ətrafında cəmlənir. Prezident İlham Əliyevin nitqində vurğulandığı kimi, müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial bundan sonrakı dövrün də əsas dayaqları olaraq qalır.

Bu baxımdan şəhər və rayonlarda keçiriləcək müşavirələr qarşıya qoyulan vəzifələrin yerlərdə daha dərindən dərk olunması, onların konkret fəaliyyət istiqamətlərinə çevrilməsi baxımından mühüm platformadır. Hər bir rayonun, hər bir şəhərin inkişafı bütövlükdə Azərbaycanın inkişaf mənzərəsinin bir parçasıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq, Böyük Qayıdış prosesinin sürətləndirilməsi, regionlarda sosial-iqtisadi imkanların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və insanların rifahının yüksəldilməsi vahid dövlət siyasətinin ayrı-ayrı istiqamətləri deyil, bir-birini tamamlayan böyük inkişaf zəncirinin həlqələridir. Prezidentin nitqində Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi və ölkənin bütün bölgələrində inkişafın davam etdirilməsi qarşıdakı mühüm istiqamətlər sırasında qeyd olunub.

Bu yeni mərhələdə əsas məsələ əldə edilən uğurlarla kifayətlənməmək, daim irəliyə baxmaqdır. Dövlətçilik yolunda hər bir nailiyyət yeni məsuliyyət doğurur. Şəhər və rayonlarda fəaliyyət göstərən hər bir qurum, hər bir ictimai fəal, hər bir YAP üzvü öz fəaliyyətini bu böyük məqsədlərin reallaşmasına xidmət edən konkret əməli işlərlə zənginləşdirməlidir. Zaman dəyişir, dünyanın siyasi mənzərəsi yenilənir, yeni çağırışlar meydana çıxır, lakin milli maraqlara söykənən dövlətçilik xətti öz mahiyyətini qoruyur. Bu xəttin gücü ondadır ki, o, Azərbaycanın dünənini bu günü ilə, bu gününü isə gələcəyilə birləşdirir və hər bir vətəndaşı ölkənin böyük inkişaf yolunun fəal iştirakçısına çevirir.

Nərgiz Hüseynli,
YAP Xəzər rayon təşkiılatının fəalı 

Oxşar Xəbərlər

Back to top button