
Azərbaycanın qarşısında açılan yeni mərhələ öz miqyasına görə ölkənin tarixində xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkənin beynəlxalq iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsi bir-birindən ayrı proseslər deyil, vahid inkişaf strategiyasının müxtəlif istiqamətləridir. Bu gün azad edilmiş ərazilərdə yenidən həyatın qurulması yalnız evlərin və yolların tikilməsi demək deyil; burada məktəblər, xəstəxanalar, istehsal müəssisələri, yeni yaşayış məkanları yaradılır, gələcəyin şəhər və kəndlərinin təməli qoyulur. Prezident İlham Əliyevin qurultaydakı nitqində Qarabağ və Şərqi Zəngəzurun bərpasının əsas vəzifələrdən biri olduğu, həmin ərazilərdə artıq on minlərlə insanın yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.
Ölkənin şəhər və rayonlarında qarşıda duran vəzifələr də bu böyük quruculuq prosesinin ümumi məntiqindən irəli gəlir. Regionların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, yeni məşğulluq sahələrinin yaradılması insanların gündəlik həyatında real dəyişikliklərə çevrilməlidir. Azərbaycanın enerji, nəqliyyat və logistika imkanlarının genişlənməsi ölkənin regional əhəmiyyətini də artırır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları üzrə tranzit imkanlarının genişləndirilməsi qarşıdakı illərdə iqtisadi fəallığın, yeni gəlir mənbələrinin və məşğulluğun artmasına mühüm töhfə verə bilər. Prezident nitqində tranzit yükdaşımalarının orta müddətdə 30 milyon tona çatdırılması kimi strateji hədəf də səsləndirilib.
Bütün bu məqsədlərin reallaşmasının əsas şərti isə ardıcıl, məsuliyyətli və nəticəyönümlü fəaliyyətdir. Bu gün Azərbaycanın qarşısında artıq “nəyi əldə etməliyik?” sualından daha çox “əldə etdiklərimizi necə daha da inkişaf etdirək?” sualı dayanır. Bu, böyük tarixi dönüşün göstəricisidir. Şəhər və rayonlarda keçiriləcək müşavirələr də məhz bu düşüncə ilə təşkil olunmalı, hər bir tapşırığın arxasında konkret nəticə, hər bir qərarın arxasında xalqın rifahına xidmət edən məqsəd dayanmalıdır. Azərbaycanın yeni inkişaf salnaməsi yalnız böyük layihələrin deyil, hər bir bölgədə görülən faydalı işin, hər bir vətəndaşın əməyinin və dövlətçilik məsuliyyətinin birgə nəticəsi olacaq. VIII Qurultayda səslənən çağırışların mahiyyəti də bundan ibarətdir: tarixi Zəfəri möhkəm və davamlı inkişafla tamamlayaraq daha güclü, daha qüdrətli və gələcəyə daha inamla addımlayan Azərbaycan qurmaq.
Tahir Kazımov,
YAP Xəzər rayon təşkiılatının fəalı



