AnalitikaGündəmSiyasət

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Qurultay yalnız Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi tədbir deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərlərin və qarşıda duran yeni vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin əsas siyasi konturlarını aydın şəkildə ortaya qoydu. Dövlət başçısının qeyd etdiyi kimi, YAP-ın fəaliyyəti və siyasi xətti yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır. Artıq 30 ildən çoxdur ki, iqtidar partiyası olan YAP Azərbaycanın ictimai-siyasi həyatının aparıcı qüvvəsi olmaqla yanaşı, Cənubi Qafqazın da ən böyük siyasi təşkilatıdır.
Bu gün YAP-ın siyasi çəkisini və cəmiyyətdəki rolunu anlamaq üçün onun yarandığı dövrə nəzər salmaq kifayətdir. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı Azərbaycanın sonrakı taleyində dönüş nöqtələrindən birinə çevrildi. Həmin dövrdə ölkə ağır siyasi, iqtisadi və hərbi böhran içərisində idi. Torpaqlar işğal olunur, dövlət idarəçiliyi iflic vəziyyətinə düşür, iqtisadiyyat dağılır, cəmiyyətdə parçalanma dərinləşirdi. Azərbaycan dövlətçiliyinin gələcəyi ciddi təhlükə qarşısında idi.
Məhz belə mürəkkəb şəraitdə cəmiyyətin mütərəqqi və vətənpərvər qüvvələri Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasının yaradılması, əslində, xalqın mövcud vəziyyətdən çıxış yolu axtarışının siyasi ifadəsi idi. Heydər Əliyev şəxsiyyətinə olan inam və onun dövlətçilik təcrübəsi Azərbaycan xalqının nicat ümidini yenidən gücləndirdi.
Azərbaycanın müasir tarixində 1990-cı illərin əvvəlləri həm də itirilmiş imkanların və ağır sınaqların dövrü kimi xarakterizə olunur. Şuşanın və Laçının işğalı, ardınca Kəlbəcərin itirilməsi ölkənin müdafiə və idarəçilik sistemindəki acınacaqlı vəziyyəti daha da ağırlaşdırdı. İqtisadiyyat çökmüş, xəzinə boşalmış, inflyasiya son dərəcə yüksək həddə çatmış, ölkədə elektrik enerjisi və qaz qıtlığı yaranmışdı. Bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Üstəlik, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı.
Belə bir şəraitdə 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər ilk növbədə dövlətçiliyin qorunmasına, ölkənin parçalanmasının qarşısının alınmasına, siyasi sabitliyin təmin edilməsinə nail oldu. Dövlət çevrilişinə cəhdlər, separatçılıq təhlükəsi və ağır sosial-iqtisadi problemlər kimi çoxsaylı sınaqların qarşısında möhkəm iradə nümayiş etdirildi.
Heydər Əliyevin siyasi kursunun əsas istiqamətlərindən biri Azərbaycanın beynəlxalq təcriddən çıxarılması və iqtisadi müstəqilliyinin təmin edilməsi idi. Atəşkəsin əldə olunmasından qısa müddət sonra “Əsrin müqaviləsi”nin imzalanması ölkənin gələcək iqtisadi inkişafının möhkəm təməlini yaratdı. Xarici sərmayələrin Azərbaycana gəlməsi, enerji strategiyasının formalaşdırılması və dövlətçilik institutlarının möhkəmləndirilməsi ölkənin gələcək yüksəlişi üçün fundamental imkanlar yaratdı.
Ulu Öndərin müəyyən etdiyi siyasi xətt 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Dövlət başçısının qurultayda vurğuladığı kimi, bu siyasətin əsas xətti dəyişməz olaraq qalır: müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum səmərəli istifadə.
Bu strategiyanın ən böyük nəticəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. 2023-cü il sentyabrın 20-də isə lokal antiterror tədbirləri nəticəsində separatizmə son qoyuldu, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Beləliklə, uzun illər ərzində qarşıya qoyulan əsas milli məqsəd reallaşdırıldı.
Prezident İlham Əliyevin çıxışında 8 Noyabr və 20 Sentyabr tarixlərinə xüsusi önəm verməsi də təsadüfi deyil. Bu tarixlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını simvolizə edən milli qürur günləridir. Bu Qələbələrin arxasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın vahid iradəsi dayanır.
Lakin tarixi Zəfər yeni vəzifələrin sonu deyil, əksinə, yeni mərhələnin başlanğıcıdır. Müasir dünyanın sürətlə dəyişən reallıqları Azərbaycan qarşısında dövlət təhlükəsizliyinin bütün istiqamətlərdə möhkəmləndirilməsi tələbini qoyur. Prezident İlham Əliyevin qurultaydakı çıxışında hərbi gücün artırılmasını qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirməsi məhz bu reallıqdan irəli gəlir.
Azərbaycan sülhə və regional əməkdaşlığa tərəfdar olduğunu nümayiş etdirir. Bununla yanaşı, dövlət öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün hər zaman güclü olmalıdır. Tarixin dərsləri göstərir ki, dövlətin təhlükəsizliyinin ən etibarlı təminatlarından biri onun güclü ordusu və müdafiə qabiliyyətidir. Buna görə də Azərbaycan Ordusunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button