
Qurultay hər hansı təşkilatın, siyasi partiyanın, ictimai birliyin və ya peşə sahiblərinin ictimai-siyasi, elmi və mədəni xarakter daşıyan ən ali və geniş təmsilçilikli toplantısıdır. Məhz belə platformalarda keçilmiş yolun yekunları dəyərləndirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir, gələcək fəaliyyətin əsas istiqamətləri açıqlanır.
Ötən günlərdə Yeni Azərbaycan Partiyasının tarixinə daha bir mühüm qurultay yazıldı. 2 oktyabr 2026-cı il tarixində keçirilən Qurultay yalnız partiya üzvlərinin deyil, geniş ictimaiyyətin də diqqət mərkəzində oldu. Əlamətdar siyasi hadisə ölkəmizin daxili siyasi gündəmi ilə yanaşı, beynəlxalq müstəvidə də ciddi maraq doğurdu. Xarici siyasi dairələr və ekspert çevrələri Qurultay çərçivəsində səsləndirilən mesajları diqqətlə izlədilər.
Qurultayın əsas məqamlarından biri dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin çıxışı oldu. Dövlət başçısı çıxışında ölkəmizin qarşısında duran mühüm məsələlərə, Azərbaycanın inkişaf perspektivlərinə və Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə üzərinə düşən vəzifələrə toxundu. Səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın inkişaf strategiyası ardıcıllıq, siyasi sabitlik və uzaqgörən siyasət üzərində qurulub.
Ölkə başçısının nitqində xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın hərbi gücünün artırılmasının zəruriliyi ilə bağlı fikirlər oldu. Bu gün Azərbaycan qalib ölkədir, Ermənistan kapitulyasiya aktına imza atıb və sülh istiqamətində ciddi addımlar atılıb. Bəs belə bir şəraitdə silahlanmaq nə üçün vacibdir?
Cavab sadə və aydındır. Çünki bugünkü dünyada beynəlxalq hüquq normalarının əvvəlki əhəmiyyəti getdikcə azalır, bu prinsiplərə hörmət edənlərin sayı kəskin şəkildə aşağı düşür. Belə bir reallıqda Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını qorumaq gücündə olmalıdır. Üstəlik, ölkəmizin keçmiş təcrübəsi də bunu zərurətə çevirir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin, demək olar ki, 30 il ərzində kağız üzərində qalması göstərdi ki, öz məsələlərimizi həll etmək üçün ilk növbədə öz gücümüzə arxalanmalıyıq. Bu baxımdan, güclü ordu və etibarlı müdafiə qabiliyyəti Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmiz elə güclü olmalıdır ki, heç bir dövlətin ağlından belə keçməsin ki, Azərbaycana qarşı təxribat törətmək mümkündür. Məhz güc amili sülhün və təhlükəsizliyin etibarlı təminatlarından biridir.
Lakin təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. Müasir dövrdə ideoloji təhlükəsizlik ən azı hərbi təhlükəsizlik qədər mühüm əhəmiyyət daşıyır. Çünki ideoloji risklər sərhəd tanımır. Xüsusilə internetin, kiberhücumların və süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi indiki dünyada müxtəlif ideoloji təxribatların təsir imkanları daha da genişlənib. Bu reallıq qarşısında cəmiyyətin milli dəyərlər, dövlətçilik prinsipləri və vətənpərvərlik ruhu ətrafında daha sıx birləşməsi mühüm şərtdir.
Bəs cəmiyyəti ideoloji təxribatlardan necə qorumaq olar? Bunun ən mühüm yolu təhsil və vətənpərvərlikdən keçir. Çünki savadlı, dünyagörüşlü, milli-mənəvi dəyərlərinə bağlı və Vətəninə sədaqətli gənclik dövlətin ən etibarlı dayağıdır. Güclü dövlət yalnız iqtisadi və hərbi imkanları ilə deyil, eyni zamanda milli şüuru, sağlam ideoloji təməli və gələcəyinə inamı olan cəmiyyəti ilə güclüdür.
Yeni Azərbaycan Partiyasının VII Qurultayında səsləndirilən mesajlar da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qarşıdakı inkişaf mərhələsində əsas hədəf əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, dövlətimizin gücünü, xalqımızın rifahını və ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirməkdir. Bu yol siyasi sabitlikdən, güclü ordudan, dayanıqlı iqtisadiyyatdan, müasir təhsildən və milli dəyərlərə söykənən sağlam cəmiyyətdən keçir.
Seymur Yusibov,
Bakı şəhəri, Pirallahı rayonu,
Y.Əliyev adına 235 №li tam orta ümumtəhsil məktəbinin direktoru



