
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin iqtisadi suverenliyinin və maliyyə müstəqilliyinin möhkəmləndirilməsi məsələlərinə geniş yer ayırmışdır. Güclü iqtisadiyyat müstəqil siyasi xəttin və hərbi qüdrətin baş amilidir. Qurultayda son illərdə qeyri-neft sektorunun inkişafı, şaxələndirmə və investisiya cəlb edilməsi istiqamətində əldə olunan nəticələr yüksək qiymətləndirilmişdir.
Ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti xarici sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasına zəmin yaratmışdır. Prezident İlham Əliyevin qurultaydakı nitqində qeyd olunduğu kimi, keçirilən investisiya forumlarında imzalanmış müqavilələrin ümumi həcmi 20 milyard dollardan çoxdur. Bu göstərici Azərbaycan iqtisadiyyatına olan qlobal etimadın və ölkədəki sabitliyin aydın sübutudur.
İqtisadi resursların düzgün yönəldilməsi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması proqramlarının maliyyələşdirilməsini tam təmin edir. Yaşıl enerji zonasının yaradılması, nəqliyyat-logistika dəhlizlərinin genişləndirilməsi və müasir infrastrukturun inkişafı ölkəmizin uzunmüddətli iqtisadi strategiyasının tərkib hissəsidir. YAP bu iqtisadi layihələrin ideoloji və sosial dəstəklənməsində fəal iştirak edir.
Sosial yönümlü dövlət siyasətinin davam etdirilməsi cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edir. İqtisadi artımın nəticələri birbaşa sosial layihələrə, əhalinin alıcılıq qabiliyyətinin artırılmasına və sosial müdafiə sisteminin gücləndirilməsinə yönəldilir. Bu yanaşma cəmiyyətdəki sosial ədalət prinsiplərini daha da möhkəmləndirir.
YAP VIII Qurultayı Azərbaycanın iqtisadi inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoydu. Qeyri-neft sektorunun inkişafı və investisiya axınının davamlılığı ölkəmizin iqtisadi dayanıqlığını təmin edir. Partiyanın müəyyənləşdirdiyi hədəflər Azərbaycanı regionun lider iqtisadiyyatı kimi daha da gücləndirəcəkdir.
Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini



