
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri və qarşıdakı dövr üçün əsas inkişaf istiqamətlərini əhatə edən mühüm mesajlarla yadda qaldı. Çıxışda xüsusi vurğulanan əsas məqamlardan biri ölkədə formalaşmış siyasi və iqtisadi sabitliyin, güclü maliyyə sisteminin və əlverişli investisiya mühitinin gələcək inkişaf üçün mühüm baza yaratması idi.
Azərbaycan son 20 il ərzində 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib. Bu göstərici ölkənin beynəlxalq investorlar üçün yaratdığı imkanların miqyasını göstərməklə yanaşı, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini də nümayiş etdirir. Qarşıdakı mərhələdə isə əsas məqsəd mövcud potensialı qorumaqla yanaşı, iqtisadiyyatın daha da şaxələndirilməsinə nail olmaqdır.
Bu baxımdan qeyri-neft sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və süni intellekt Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm istiqamətlər kimi ön plana çıxır. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı ölkənin gələcəkdə elektrik enerjisinin mühüm ixracatçılarından birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Azərbaycanın coğrafi mövqeyi də iqtisadi inkişaf baxımından mühüm üstünlükdür. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkəmiz regional logistika və tranzit imkanlarını genişləndirir. Bunun üçün dəmir yollarına, avtomobil yollarına, hava limanlarına və dəniz limanlarına yatırılan investisiyalar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsinə xidmət edir. Tranzit yüklərin həcminin artması isə bu istiqamətdə həyata keçirilən siyasətin əhəmiyyətini daha da artırır.
Çıxışda rəqəmsal transformasiya və insan kapitalının inkişafına da xüsusi diqqət yetirildi. Süni intellekt, data mərkəzləri və müasir rəqəmsal texnologiyalar üçün enerji ilə yanaşı, yüksək ixtisaslı kadrlara ehtiyac var. Bu səbəbdən təhsil, peşə hazırlığı və insan kapitalının inkişafı Azərbaycanın gələcək iqtisadi strategiyasının mühüm hissəsidir.
Neft-qaz sektoru isə hələ uzun müddət ölkə iqtisadiyyatında mühüm rol oynayacaq. Bununla yanaşı, əsas hədəf enerji sektorundan əldə olunan imkanlardan istifadə etməklə qeyri-neft sektorunun inkişafını sürətləndirmək və ixracın strukturunu daha da şaxələndirməkdir.
Ümumilikdə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bu mərhələdə enerji və nəqliyyat imkanları ilə yanaşı, yaşıl enerji, rəqəmsal texnologiyalar, süni intellekt, kənd təsərrüfatı və insan kapitalı da mühüm rol oynayacaq. Azərbaycanın qarşısında duran əsas vəzifə isə mövcud potensialı beynəlxalq əməkdaşlıq və yeni investisiyalarla birləşdirərək daha şaxələndirilmiş, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırmaqdır.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



