Cəbrayıl indi sülhün, əməkdaşlığın və parlaq gələcəyin ünvanıdır

Cəbrayıl rayonu bu gün işğalın izlərini sürətlə silərək regionun ən müasir və inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir.
4 oktyabr Cəbrayıl şəhəri günü yalnız keçmişin xatirələrini yad etmək deyil, həm də gələcəyə baxış və quruculuq əzmidir. Azad olunduqdan sonra Cəbrayılda həyata keçirilən qlobal layihələr regionun iqtisadi və geostrateji əhəmiyyətini dəfələrlə artırmışdır. Zəngəzur dəhlizinin Cəbrayıldan keçən hissəsi beynəlxalq nəqliyyat və ticarət əlaqələrinin canlanmasında mühüm rol oynayacaqdır. Bu dəhliz təkcə Azərbaycanı deyil, bütün bölgəni birləşdirən sülh və əməkdaşlıq körpüsünə çevrilməkdədir. Cəbrayılın coğrafi mövqeyi onun gələcəkdə logistika və ticarət mərkəzi kimi inkişaf etməsinə geniş imkanlar açır. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində bölgədə ekoloji tarazlığın qorunmasına da xüsusi diqqət yetirilir. “Yaşıl enerji” zonas elan edilən Şərqi Zəngəzurda, o cümlədən Cəbrayılda bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində mühüm addımlar atılır. Su elektrik stansiyalarının tikintisi, günəş və külək enerjisi potensialının araşdırılması Cəbrayılı ekoloji cəhətdən təmiz rayon edir. Gənclərin bu rayonda yaşayıb-yaratması, müasir təhsil ocaqlarında oxuması və idmanla məşğul olması üçün hər cür şərait yaradılır. Cəbrayıl şəhəri günü münasibətilə təşkil edilən ümumxalq bayramları və tədbirlər xalqımızın həmrəyliyini daha da möhkəmləndirir. Rayonun gələcəyi parlaq, iqtisadiyyatı güclü, təhlükəsizliyi isə etibarlı əllərdədir. Azərbaycan dövləti hər zaman bu torpaqların keşiyində dayanaraq onun inkişafı üçün lazımi addımları atır.
Cəbrayılın hər bir sakini öz doğma yurduna qayıtmağın qürurunu yaşayır və bu torpaqda sülh içində yaşayır. Cəbrayıl şəhəri günü xalqımızın sülhsevərliyinin, quruculuq ruhunun və qələbə sevgisinin əbədi təntənəsidir. Gələcəyin Cəbrayılı müasir memarlığı, inkişaf etmiş infrastrukturu və rifah içində yaşayan insanları ilə göz oxşayacaqdır. Bu qələbə və dirçəliş heç vaxt unudulmayacaq, əksinə, nəsildən-nəslə qürurla ötürüləcəkdir. Cəbrayıl indi sülhün, əməkdaşlığın və parlaq gələcəyin ünvanıdır.
Vəli Hüseynli,
Nizami rayonu 61 saylı məktəbin müəllimi



