AnalitikaGündəmSiyasət

Dahi şəxsiyyət Heydər Əliyevin idarəçilik təcrübəsi

Azərbaycanın müasir dövlətçilik tarixində peşəkar idarəetmə anlayışı ulu öndər Heydər Əliyevin çoxillik siyasi fəaliyyəti ilə xüsusi məna qazanmışdır. Onun idarəçilik məktəbi yalnız yüksək vəzifələrdə çalışma təcrübəsi ilə deyil, mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək, qarşıya konkret məqsədlər qoymaq və həmin məqsədlərin həyata keçirilməsi üçün ardıcıl siyasət yürütmək bacarığı ilə seçilirdi.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldiyi zaman respublikanın iqtisadi və sosial həyatında ciddi problemlər mövcud idi. Onun rəhbərliyi dövründə sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına yönəlmiş tədbirlər həyata keçirildi. İdarəçilikdə intizamın gücləndirilməsi, kadr potensialından səmərəli istifadə və uzunmüddətli inkişaf məqsədlərinin müəyyənləşdirilməsi onun rəhbərlik üslubunun mühüm xüsusiyyətləri sırasında idi.

Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətində diqqət çəkən əsas cəhətlərdən biri idarəetməyə kompleks yanaşması idi. O, ayrı-ayrı sahələrin inkişafını bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid dövlət inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin idarəçilik təcrübəsinin digər mühüm mərhələsi 1993-cü ildə Azərbaycanın siyasi və iqtisadi böhranla üzləşdiyi dövrə təsadüf edir. Həmin vaxt ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi tənəzzülün qarşısının alınması və müstəqilliyin qorunması əsas vəzifələr idi.

Heydər Əliyev dövlət rəhbərliyinə qayıtdıqdan sonra idarəetmədə ardıcıllıq və məsuliyyət prinsipini ön plana çıxardı. Dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi, qanunçuluğun möhkəmləndirilməsi və ölkənin beynəlxalq münasibətlər sistemində mövqelərinin inkişaf etdirilməsi istiqamətində siyasət həyata keçirildi. Onun idarəçilik fəlsəfəsində dövlətin gücü yalnız inzibati imkanlarla deyil, iqtisadi potensial, insan kapitalı, milli birlik və beynəlxalq əməkdaşlıqla əlaqələndirilirdi. Bu baxış sonrakı illərdə Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrildi.

Dahi şəxsiyyət Heydər Əliyevin peşəkar idarəetmə nümunəsi həm də onun kadr siyasətində, məsuliyyət bölgüsündə və strateji düşüncəsində özünü göstərirdi. O, dövlət idarəçiliyində peşəkarlığın, təcrübənin və məsuliyyətin vacibliyini daim önə çəkirdi.

Onun rəhbərliyi dövründə həyata keçirilən iqtisadi islahatlar, xarici investisiyaların cəlb edilməsi və enerji strategiyasının formalaşdırılması Azərbaycanın gələcək inkişafı üçün mühüm iqtisadi baza yaratdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bu siyasətin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü.

Heydər Əliyevin idarəçilik məktəbinin əsas xüsusiyyətləri bu gün də dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Onun siyasi fəaliyyəti göstərir ki, peşəkar idarəetmə yalnız qərar qəbul etmək deyil, həm də zamanın tələblərini düzgün qiymətləndirmək, milli maraqları qorumaq və dövlətin gələcək inkişafı üçün möhkəm təməl yaratmaq bacarığıdır.

Anar Osmanov,
YAP Xəzər rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button