AnalitikaGündəmSiyasət

Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunmuş, Prezident İlham Əliyev tədbirdə iştirak edərək moderatorun suallarını cavablandırmışdır. Dövlət başçısının çıxışı Azərbaycanın son illərdə keçdiyi iqtisadi inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı dövrün əsas prioritetlərini, ölkənin investisiya imkanlarını və regional əhəmiyyətini geniş şəkildə ortaya qoymuşdur. Prezidentin səsləndirdiyi fikirlərdən aydın görünürdü ki, Azərbaycan üçün investisiya yalnız maliyyə vəsaitlərinin cəlb edilməsi deyil, həm də yeni texnologiyaların, müasir idarəçilik təcrübəsinin, insan kapitalının və innovasiyaların ölkəyə gətirilməsi deməkdir. Son iyirmi ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın yatırılması, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi ölkənin beynəlxalq iqtisadi əməkdaşlıq sistemində qazandığı mövqenin mühüm göstəricilərindən biri kimi təqdim edildi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın gələcək iqtisadi inkişafının əsas dayaqlarından biri kimi qeyri-neft sektorunun genişləndirilməsini və bərpaolunan enerji potensialından səmərəli istifadəni xüsusi vurğuladı. Xəzər dənizinin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının mövcudluğu, ölkənin müxtəlif ərazilərində günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi Azərbaycanın yaşıl enerji istiqamətində qarşısında geniş imkanlar açır. Dövlət başçısının qeyd etdiyi kimi, qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin ölkənin müxtəlif bölgələrində daha geniş tətbiqi nəzərdə tutulur. Bu yanaşma enerji ehtiyatlarının yalnız daxili tələbatın ödənilməsinə deyil, eyni zamanda ixrac potensialının artırılmasına və Azərbaycanın beynəlxalq enerji bazarlarında yeni rolunun formalaşmasına xidmət edir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan öz ənənəvi enerji imkanlarını qorumaqla yanaşı, gələcəyin iqtisadiyyatının mühüm istiqamətlərindən olan yaşıl enerjiyə də ardıcıl şəkildə sərmayə qoymağı qarşıya məqsəd qoyur.

Çıxışın mühüm istiqamətlərindən biri də Azərbaycanın nəqliyyat, logistika və qlobal bağlantı imkanları ilə bağlı idi. Ölkənin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, dəmir yollarının, avtomobil yollarının, hava limanlarının, dəniz limanının və digər infrastrukturun inkişaf etdirilməsi Azərbaycanın tranzit imkanlarını genişləndirən amillər kimi diqqətə çatdırıldı. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, müasir dövrdə təkcə fiziki infrastrukturun yaradılması kifayət etmir; rəqəmsallaşma, gömrük prosedurlarının təkmilləşdirilməsi, yüklərin daha sürətli idarə olunması və yeni texnoloji həllərin tətbiqi də beynəlxalq rəqabət qabiliyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirən layihələr, o cümlədən elektrik enerjisinin ötürülməsi və yeni kabel xətlərinin yaradılması ilə bağlı təşəbbüslər ölkənin regional bağlantı xəritəsində rolunu daha da genişləndirə biləcək istiqamətlər kimi təqdim edildi.

Prezidentin çıxışında Azərbaycanın investisiya mühitinin formalaşmasında sabitlik, maliyyə dayanıqlılığı və proqnozlaşdırıla bilən iqtisadi siyasətin əhəmiyyəti də xüsusi yer tutdu. Dövlət başçısı ölkənin aşağı dövlət borcu, valyuta ehtiyatları və uzunmüddətli tərəfdaşlıq təcrübəsini investorlar üçün mühüm amillər kimi qeyd etdi. Bununla yanaşı, Azərbaycanın enerji sektorunda beynəlxalq şirkətlərlə əməkdaşlıq təcrübəsi ölkənin xarici investorlarla qurduğu münasibətlərin mühüm nümunəsi kimi göstərildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan proses sonrakı illərdə Azərbaycanın enerji sektorunun inkişafına, beynəlxalq şirkətlərin ölkəyə gəlməsinə və yerli kadr potensialının formalaşmasına geniş imkanlar yaratdı. Bu gün artıq qeyri-neft sektorunun iqtisadiyyatda payının əhəmiyyətli dərəcədə artması da iqtisadi şaxələndirmə istiqamətində həyata keçirilən siyasətin mühüm nəticələrindən biri kimi təqdim olunur.

Bakıdakı forumun mahiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmırdı. Tədbirin əsas ideyalarından biri dəyişən dünya reallıqları fonunda etimadın, əməkdaşlığın və uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini ön plana çıxarmaq idi. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın özünü beynəlxalq investorlar üçün açıq, müxtəlif sahələrdə əməkdaşlığa hazır və yeni layihələrə maraqlı tərəfdaş kimi təqdim etməsi diqqət çəkirdi. Neft-qaz sənayesi, bərpaolunan enerji, kənd təsərrüfatı, logistika, rəqəmsal infrastruktur, süni intellekt, elektrik enerjisinin ötürülməsi və enerji saxlanc sistemləri gələcək investisiyalar baxımından qeyd olunan istiqamətlər sırasında yer aldı. Dövlət başçısı investorların yalnız kapital deyil, həm də texnologiya və təcrübə gətirməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın beynəlxalq əməkdaşlıqdan əldə etdiyi təcrübəni yeni mərhələdə daha da genişləndirməyə hazır olduğunu bildirdi.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həm də ölkənin iqtisadi gələcəyə baxışının ifadəsi kimi yadda qaldı. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər Azərbaycanın təbii sərvətlərə əsaslanan iqtisadi modeldən daha geniş və çoxşaxəli iqtisadi sistemə doğru inkişaf etdirmək niyyətini göstərirdi. Ölkənin enerji imkanları ilə yanaşı, coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, insan kapitalı, rəqəmsal imkanları və regional əməkdaşlıq potensialı gələcək inkişafın mühüm sütunları kimi önə çəkildi. Forumun Bakıda keçirilməsi isə Azərbaycanın regional və beynəlxalq iqtisadi dialoq məkanlarından biri kimi rolunu nümayiş etdirən mühüm hadisə oldu. Forum çərçivəsində investorların, beynəlxalq maliyyə institutlarının, şirkətlərin və müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin bir araya gəlməsi yeni tərəfdaşlıqlar üçün imkanların müzakirəsinə şərait yaratdı. Forumun 2025-ci ildəki ilk buraxılışının nəticələri də bu marağın artdığını göstərmiş, həmin forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişlərinin imzalandığı, bunun 7 milyard dollardan çox hissəsinin qeyri-neft sektoruna aid olduğu bildirilmişdir.

Beləliklə, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın iqtisadi inkişafının keçmiş nəticələrini gələcək hədəflərlə birləşdirən geniş məzmunlu təqdimat kimi diqqət çəkdi. Bu çıxışda Azərbaycanın enerji xəritəsindəki mövqeyindən tutmuş yaşıl enerji perspektivlərinə, nəqliyyat dəhlizlərindən rəqəmsal infrastruktura, beynəlxalq investisiyalardan insan kapitalına qədər çoxsaylı istiqamətlər vahid inkişaf mənzərəsi daxilində təqdim edildi. Forumun yaratdığı mühit isə bir daha göstərdi ki, müasir dünyada iqtisadi inkişaf yalnız sərvətlərin mövcudluğu ilə deyil, həmin imkanları düzgün idarə etmək, etibarlı tərəfdaşlıqlar qurmaq və gələcəyin texnologiyalarına vaxtında sərmayə yatırmaq bacarığı ilə ölçülür. Azərbaycanın qarşısında dayanan əsas məqsədlərdən biri də məhz mövcud potensialı yeni investisiyalar, innovasiyalar və beynəlxalq əməkdaşlıq vasitəsilə davamlı iqtisadi inkişafın yeni mərhələsinə çevirməkdir.

Mustafa Memmedzade,
Xəzər rayonunun gənc fəalı,
Azərbaycan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button