AnalitikaGündəmSiyasət

Azərbaycan və beynəlxalq investor arasında yeni tərəfdaşlıq modeli

İnvestor üçün yalnız maliyyə göstəriciləri deyil, sabitlik, proqnozlaşdırıla bilənlik, infrastruktur və uzunmüddətli əməkdaşlıq imkanları da mühüm əhəmiyyət daşıyır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin çıxışında Azərbaycanın investisiya mühitinin bu elementləri geniş şəkildə təqdim edildi. Dövlət başçısı ölkənin son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etdiyini və bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşdüyünü bildirdi.

Azərbaycanın investisiya siyasətində beynəlxalq şirkətlərlə əməkdaşlıq mühüm yer tutur. Enerji sektorunda uzun illər ərzində formalaşmış tərəfdaşlıq təcrübəsi ölkənin digər sahələrində də əməkdaşlıq üçün baza yaradır. Çıxışda neft-qaz sektorunda yeni layihələrin, o cümlədən yeni yataqların işlənilməsi istiqamətində beynəlxalq şirkətlərlə əməkdaşlığın davam etdirilməsi qeyd edildi. Bununla yanaşı, bərpaolunan enerji, logistika, rəqəmsal texnologiyalar və ərzaq istehsalı kimi sahələrdə də investorlar üçün imkanların olduğu vurğulandı.

Xüsusilə dövlət-özəl tərəfdaşlığı məsələsi yeni investisiya imkanlarının formalaşdırılmasında mühüm istiqamət kimi önə çıxdı. Daxili infrastrukturun əsas hissəsində böyük layihələrin həyata keçirildiyi, gələcəkdə isə çoxmillətli əhəmiyyət daşıyan nəqliyyat, logistika, rəqəmsal infrastruktur və elektrik ötürücü xətlər üzrə layihələrin diqqət mərkəzində ola biləcəyi bildirildi. Bu yanaşma Azərbaycanın investisiya siyasətində daxili ehtiyaclarla yanaşı, regional və beynəlxalq əhəmiyyət daşıyan layihələrə daha çox diqqət yetirilməsini göstərir.

Forumun mühüm cəhətlərindən biri də investorların ölkəni yerində görmək və biznes mühitini birbaşa müşahidə etmək imkanına malik olması idi. Prezident çıxışında belə tədbirlərin əhəmiyyətini məhz bu baxımdan qeyd etdi. Azərbaycan öz iqtisadi imkanlarını beynəlxalq auditoriyaya təqdim etməklə yanaşı, xarici tərəfdaşları ölkənin real imkanlarını görməyə dəvət edir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız investisiya müzakirələrinin aparıldığı platforma deyil, həm də Azərbaycanla beynəlxalq biznes dairələri arasında uzunmüddətli tərəfdaşlıq üçün dialoq məkanı kimi diqqət çəkdi.

Samirə Talıbova,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button