
Müstəqillik dövründə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan uzunmüddətli inkişaf strategiyasının formalaşdırılması ilə səciyyələnir. Müasir Azərbaycan dövlətinin inkişaf modelinin əsasını ölkənin suverenliyinin, siyasi sabitliyinin və iqtisadi potensialının qorunması, eyni zamanda cəmiyyətin sosial rifahının yüksəldilməsinə yönəlmiş ardıcıl dövlət siyasəti təşkil edir. Bu prosesdə Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyası və onun formalaşdırdığı siyasi idarəçilik prinsipləri xüsusi əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyevin vətənpərvərlik bağlı irəli sürdüyü ideyalar müasir dövrdə gənc nəslin mənəvi-əxlaqi dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu ideyalar gənclərdə Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət, dövlətçilik ənənələrinə sədaqət, cəmiyyət qarşısında məsuliyyət və fəal vətəndaş mövqeyinin inkişaf etdirilməsini nəzərdə tutur. Azərbaycanın hər bir gənci öz ölkəsinin tarixini, mədəni irsini və milli dəyərlərini dərindən öyrənməklə yanaşı, onların qorunması və gələcək nəsillərə ötürülməsində məsuliyyət daşıyan cəmiyyət üzvü kimi formalaşmalıdır.
Müasir Azərbaycanın siyasi-iqtisadi inkişafının, sosial rifahının və dövlətçilik potensialının gücləndirilməsinin əsasında ardıcıl, məqsədyönlü və uzunmüddətli dövlət siyasəti dayanır. Ölkənin müxtəlif sahələrində əldə olunan inkişafın təmin edilməsində siyasi sabitlik, iqtisadi potensialın səmərəli idarə olunması, dövlət institutlarının möhkəmləndirilməsi, milli maraqların qorunması və qarşıya qoyulan strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu proses yüksək idarəçilik bacarığı, siyasi iradə, əzm və məsuliyyət tələb edir.
Bu dövlətçilik siyasətinin davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti mühüm yer tutur. Onun rəhbərliyi dövründə ölkənin siyasi, iqtisadi və sosial inkişafı ilə bağlı müxtəlif istiqamətlərdə layihələr və dövlət proqramları həyata keçirilmiş, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və milli maraqlarının qorunması istiqamətində fəaliyyət davam etdirilmişdir. Dövlət siyasətində iqtisadi inkişafla yanaşı, insan kapitalının formalaşdırılması, təhsilin və elmin inkişafı, gənclərin potensialının dəstəklənməsi, sosial müdafiənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər də mühüm yer tutur.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə əsaslanan siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş mühüm siyasi və hərbi qərarlar qəbul edildi.Sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycan tarixində tarixi Zəfərin imzası oldu. Bu dönüş mərhələsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə kimi qiymətləndirilir və ölkənin ərazi bütövlüyünün bərpası prosesində yeni mərhələnin başlanğıcı hesab olunur.
Bundan əlavə, 2023-cü il sentyabrın 19-u və 20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri bölgədəki hərbi-siyasi vəziyyətin dəyişməsində mühüm mərhələ oldu. Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktlarıAzərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Burada əsas məqsədüçtərəfli bəyanatın müddəalarının icrasını təmin etmək, bölgədə yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini tərksilah etmək, onların hərbi infrastrukturunu zərərsizləşdirmək və Azərbaycanın konstitusiya quruluşunu bərpa etməkdən ibarət idi.
Təxminən 24 saat davam edən əməliyyatdan sonra atəşkəs barədə razılaşma əldə edildi və Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin tərksilah edilərək buraxılması ilə bağlı razılıq əldə olundu. Bu hadisə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpası idi.
Beləliklə, 2020-ci ildən sonra davam edən hərbi-siyasi proseslərin nəticəsində Azərbaycanın Qarabağ bölgəsində dövlət nəzarətinin bərpası istiqamətində mühüm dəyişiklik baş verdi. Öz nitqində “…düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” söyləyən Ali Baş Komandan verdiyi hər bir sözə əməl edərək 2023-cü ilin oktyabrında Xankəndidə Azərbaycan Dövlət Bayrağının qaldırılması bu prosesin əlamətdar hadisələrindən birinə çevirldi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, sosial obyektlərin istifadəyə verilməsi və iqtisadi fəaliyyətin bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş keçmiş məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Böyük Qayıdış çərçivəsində müxtəlif yaşayış məntəqələrinə köç prosesinin mərhələli şəkildə həyata keçirilməsi həmin ərazilərdə sosial həyatın yenidən canlanmasına şərait yaradır. Yeni yaşayış komplekslərinin, məktəblərin, tibb müəssisələrinin və digər sosial obyektlərin yaradılması qayıdan əhalinin normal həyat şəraitinin təmin edilməsinə yönəlib.
Bütün bu tarixi proseslərin və əldə olunan nəticələrin arxasında məqsədyönlü dövlət siyasəti, siyasi iradə və ardıcıl fəaliyyət dayanır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkənin qarşısında duran strateji məqsədlərin reallaşdırılmasına və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmişdir. Onun uzaqgörən siyasəti, qətiyyətli mövqeyi və dövlətçilik prinsiplərinə əsaslanan fəaliyyəti bu prosesin mühüm amillərindən biri kimi qiymətləndirilir.
Qarabağın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyatını itirmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların doğma Vətən qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı!
Səbinə Cəfərova,
Bakı Slavyan Universiteti



