
Müasir dünyada mədən sənayesinin inkişafı yalnız təbii ehtiyatların mövcudluğu ilə müəyyənləşmir. Texnologiya yataqların aşkar edilməsindən başlayaraq hasilat, zənginləşdirmə və emal proseslərinin bütün mərhələlərində mühüm rol oynayır. Azərbaycanın 2027–2030-cu illər Dövlət Proqramında müasir geoloji üsullardan istifadəyə xüsusi diqqət yetirilməsi də bu baxımdan əhəmiyyətlidir.
Sovet dövründə aparılmış kəşfiyyat işlərinin nəticələrinin müasir texnologiyalar əsasında yenidən qiymətləndirilməsi yeni məlumatların əldə olunmasına imkan verə bilər. Müasir geofiziki və geoloji üsullar yataqların strukturunu daha dəqiq öyrənməyə şərait yaradır. Bu isə ehtiyatların real həcminin müəyyənləşdirilməsi və investisiya qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsi üçün vacibdir.
Texnologiya mədənlərin istismarında da mühüm rol oynayır. Avtomatlaşdırılmış avadanlıqlar, rəqəmsal monitorinq sistemləri və daha səmərəli istehsal üsulları hasilat proseslərinin məhsuldarlığını artıra bilər. Eyni zamanda, müasir texnologiyaların tətbiqi işçilərin təhlükəsizliyinin təmin olunmasına və ətraf mühitə təsirin azaldılmasına kömək edə bilər.
Azərbaycanın dağ-mədən sektorunda texnologiyaların yenilənməsi yerli mütəxəssislərin hazırlanmasını da zəruri edir. Yeni avadanlıq və sistemlərdən istifadə edə bilən kadrların hazırlanması sənayenin uzunmüddətli inkişafının vacib şərtidir. Bu səbəbdən Dövlət Proqramının icrası yalnız fiziki istehsal güclərinin deyil, texnoloji və insan kapitalının da inkişafına xidmət edə bilər.
Yasəmən Səfərova,
YAP Nizami rayon təşkilatının “İ.Məmmədov küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini


