
Dağ-mədən sənayesinin inkişafının əsas şərtlərindən biri ölkənin mineral-xammal bazasının dəqiq öyrənilməsidir. Bu məqsədlə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi 2027–2030-cu illər Dövlət Proqramının əsas istiqamətlərindən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin müşavirədəki çıxışında Azərbaycanın bir sıra ərazilərində mövcud yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsinin və yeni kəşfiyyat işlərinin aparılmasının vacibliyi vurğulanıb. Bu yanaşma mineral ehtiyatların daha dəqiq müəyyənləşdirilməsi ilə yanaşı, gələcək sənaye layihələrinin elmi və iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edə bilər.
Müasir geoloji texnologiyalar əvvəlki dövrlərlə müqayisədə daha geniş məlumat əldə etməyə imkan verir. Yataqların geoloji quruluşunun öyrənilməsi, ehtiyatların qiymətləndirilməsi və hasilat imkanlarının müəyyənləşdirilməsi böyük investisiya layihələrinin ilkin mərhələsini təşkil edir. Buna görə kəşfiyyat prosesinin dəqiq aparılması həm dövlət, həm də özəl investorlar üçün mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramında dövlət xətti ilə yanaşı, özəl sektorun və xarici investorların da bu prosesə cəlb olunmasının mümkünlüyü nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərdə aparılacaq kəşfiyyat işləri xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər, Ağdərə və Zəngilan kimi rayonların mineral ehtiyatlarının daha ətraflı öyrənilməsi gələcəkdə yeni istehsal layihələrinin yaranmasına səbəb ola bilər. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də regionun iqtisadi potensialının müəyyənləşdirilməsi baxımından mühüm addımdır. Dövlət başçısının çıxışında Naxçıvanda kəşfiyyat işlərinin gələn ildən başlanmasının nəzərdə tutulduğu bildirilib.
Geoloji kəşfiyyatın nəticələri yalnız yeni yataqların aşkarlanması ilə məhdudlaşmır. Əldə olunan məlumatlar ölkənin uzunmüddətli mineral-xammal strategiyasının hazırlanmasına, investisiya layihələrinin seçilməsinə və sənaye müəssisələrinin yerləşdirilməsinə də təsir göstərə bilər. Yataqların ehtiyatları dəqiq müəyyənləşdirildikdən sonra hasilat, zənginləşdirmə və emal müəssisələrinin yaradılması üzrə daha əsaslandırılmış qərarlar qəbul etmək mümkündür. Beləliklə, geoloji kəşfiyyat Dövlət Proqramının digər istiqamətlərini tamamlayan və Azərbaycanın dağ-mədən sənayesinin gələcək inkişafı üçün informasiya bazası yaradan mühüm sahədir.
Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini



