Ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığının azaldılması və sənayenin emal sahələrinin gücləndirilməsi dövlət siyasətinin mərkəzində dayanır

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması və xammal ixracatçılığından yüksək əlavə dəyər yaradan hazır məhsul istehsalçısına keçid istiqamətində mühüm strateji addım atılmışdır. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Bu müşavirə ölkənin sənaye siyasətində yeni mərhələnin təməlini qoymuş və qarşıdakı illər üçün əsas hədəfləri müəyyənləşdirmişdir.
Ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığının azaldılması və sənayenin emal sahələrinin gücləndirilməsi dövlət siyasətinin mərkəzində dayanır. 2027–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramı məhz bu məqsədə xidmət edir. Dağ-mədən və metallurgiya sektoru ölkənin təbii ehtiyatlarının – xüsusilə metal filizlərinin – sadəcə xam halda xaricə satılmasının qarşısını alaraq, onların ölkə daxilində emal olunmasını və yüksək əlavə dəyərli məhsullara çevrilməsini hədəfləyir. Cəmi 4 il ərzində tam icra edilməsi nəzərdə tutulan bu proqram iqtisadiyyatın şaxələnməsində multiplikativ effekt yaradacaq.
Dövlət başçısının müşavirədəki nitqi sektorun mövcud vəziyyətinin dərindən təhlilini, inkişafa mane olan səbəblərin aradan qaldırılması yollarını və gələcək çağırışları ehtiva edirdi. Prezident İlham Əliyev çıxışında aşağıdakı strateji fikirləri vurğulamışdır: “Azərbaycanın iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Qeyri-neft sektorunun inkişafı, xüsusilə sənayeləşmə siyasəti bizim əsas prioritetlərimizdən biridir və dağ-mədən sektoru bu istiqamətdə mühüm rol oynayır.”
Xammaldan son məhsula keçid zərurəti: “Biz xammal ixrac edən ölkədən hazır məhsul istehsal edən və ixrac edən ölkəyə çevrilməliyik. Metallurgiya sənayesinin potensialı tam şəkildə reallaşdırılmalı, yeni dəyər zəncirləri yaradılmalıdır.” Bu yanaşma Azərbaycanın iqtisadi fəlsəfəsindəki dəyişikliyi açıq şəkildə əks etdirir. Məqsəd ölkə daxilində hasil olunan resursların hər bir emal mərhələsindən keçərək son məhsula qədər tam zəncir yaratmasıdır.
Müşavirədə müzakirə olunan və qəbul edilən Dövlət Proqramının prioritetləri ölkənin iqtisadi və sosial inkişafına güclü təkan verəcək bir neçə istiqaməti əhatə edir. 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya yatırılması planlaşdırılır. Bu investisiyalar hesabına qarşıdakı 4 ildə sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması hədəflənir. Filizlərin ilkin hasilatından başlayaraq son metal məhsulunun istehsalına qədər bütün mərhələləri əhatə edən istehsalat sahələrinin yaradılması təmin olunacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən zəngin metal filizi yataqlarının geoloji kəşfiyyatı, qiymətləndirilməsi və iqtisadi dövriyyəyə daxil edilməsi ölkənin resurs bazasını əhəmiyyətli dərəcədə genişləndirəcək. Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin açılması və regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi təmin ediləcəkdir. Sənayenin bu sahəsində qabaqcıl, ekoloji cəhətdən təmiz və “yaşıl enerji” prinsiplərinə uyğun müasir texnologiyaların tətbiqi əsas şərtlərdən biri kimi qarşıya qoyulmuşdur.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə və təsdiq olunmuş “2027–2030-cu illər üçün Dövlət Proqramı” Azərbaycanın sənaye tarixində yeni bir paradiqmanın – dayanıqlı, şaxələnmiş, yüksək texnologiyalara və dəyər zəncirlərinə əsaslanan iqtisadiyyatın qurulması prosesini sürətləndirir. Xammal ixracatçılığından hazır məhsul istehsalçısına keçid həm qeyri-neft sektorunun payını artıracaq, həm də ölkənin qlobal təchizat zəncirindəki strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.
Mansurova Həmidə,
Nizami rayonunun fəal gənci, Bakı Ali Neft Məktəbinin tələbəsi


