
Bakıda Türk Dövlətləri Təşkilatı çərçivəsində növbəti mühüm hadisə baş verdi. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci iclası keçirilib. İclas çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları təşkilata üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi. Dövlət başçısının bu qəbuldakı çıxışı sadəcə protokol xarakteri daşımırdı, bu çıxış Türk dünyasının gələcək inkişaf strategiyasını, təhlükəsizlik konsepsiyasını və beynəlxalq arenadakı yerini müəyyən edən proqram sənədi idi.
Prezident İlham Əliyev çıxışına TDT çərçivəsində müşahidə olunan intensivliyi qeyd etməklə başladı. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, təxminən iyirmiillik fəaliyyətindən, 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir.
Prezidentin çıxışının əsas tezislərindən biri coğrafi və iqtisadi üstünlüklərlə bağlı oldu. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil deyən Prezidentimiz, ölkələrimizin böyük təbii ehtiyatlara malik olmasını böyük üstünlük kimi qiymətləndirdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ikitərəfli əməkdaşlığa da toxundu. O qeyd etdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Onun təşkilata üzv ölkələrə çoxsaylı səfərləri və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir.
Təşkilatın üstünlüyü ondan ibarətdir ki, o ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Bu isə həmrəyliyin mühüm amilidir. İqtisadi və siyasi maraqlardan əlavə, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
Digər mühüm amil sabitlikdir. Xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil.
Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə bu gün müasir dünyanın reallıqlarıdır. Lakin TDT məkanında müsbət dinamikanı, həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük.
Ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir.
Bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük. Bizim ölkələrimizdə isə əks proses gedir, əhalinin artması prosesi müşahidə olunur
Təhlükəsizlik məsələsinə gəldikdə Prezident qeyd etdi ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür.
Möhtərəm Prezidentimiz çıxışının ən həssas hissəsi ideoloji təhlükəsizliklə bağlı oldu. O dedi ki, bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşıdığını hamımız çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. Azərbaycanda bu sahədə böyük uğurlar əldə olunub. Xain, antimilli, satqın strukturlar son dərəcə marjinal xarakter daşıyır və xalqın mütləq əksəriyyəti tərəfindən ittiham olunur.
Sonda Prezident İlham Əliyev cənabları tarixi bir məqama toxundu. Qədim tariximizi nəzərə almasaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 ildir. 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri



