AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın Türk və İslam dünyasında oynadığı həlledici, birləşdirici rolu bir daha təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qlobal və regional miqyasda sülhün, birliyin və mənəvi dəyərlərin mərkəzinə çevrilməkdə davam edir. Sentyabrın 15-də dövlətimizin başçısı mühüm bir beynəlxalq hadisə – Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Yəhya Bakuvi Beynəlxalq Konfransı çərçivəsində mötəbər nümayəndə heyətini qəbul edərək, ölkəmizin bu istiqamətdəki qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. TDT-nin Baş katibi, müxtəlif türkdilli və Qafqaz ölkələrinin dini liderləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bu görüş, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq, Azərbaycanın Türk və İslam dünyasında oynadığı həlledici, birləşdirici rolu bir daha təsdiqlədi. Bu iki mötəbər tədbirin eyni vaxtda Bakıda keçirilməsi tarixi ənənələrimizə və mənəvi irsimizə dövlət səviyyəsində verilən yüksək qiymətin əyani sübutudur.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi və mədəni irsinə diqqət çəkərək, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərin, o cümlədən XV əsr mütəfəkkiri Seyid Yəhya Bakuvinin rolunu xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin qoyub getdiyi miras bu gün təkcə Azərbaycan xalqı üçün deyil, bütün İslam aləmi üçün əvəzsiz dəyərdir. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz bir parçası olduğunu xatırladaraq, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin və Atabəylər dövlətinin paytaxtı Naxçıvanın vahid coğrafi-mənəvi məkanı təmsil etdiyini bildirdi. Dövlət başçısı TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın dini və mədəni əlaqələrin gücləndirilməsindəki müstəsna əhəmiyyətini qeyd edərək, bu cür birgə tədbirlərin qardaşlıq tellərini daha da möhkəmləndirdiyini diqqətə çatdırdı.

Çıxışında dünyada və xüsusilə müsəlman aləmində baş verən proseslərə toxunan Prezident İlham Əliyev sülh, barışıq və əməkdaşlıq mesajları verdi. O vurğuladı ki, dini liderlərin səsləndirdiyi hər bir söz sülhə yönəldikdə, cəmiyyətlərdə əmin-amanlıq bərqərar olur. Azərbaycanın İslam həmrəyliyinə əməli töhfələr verdiyini bildirən Prezident İlham Əliyev, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarını və gələn il ölkəmizin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünü bunun ən bariz nümunəsi kimi qeyd etdi. Dövlət başçısı birmənalı şəkildə bildirdi ki, Azərbaycan hər zaman barışdırıcı qüvvə kimi çıxış edir və onun əsas hədəfi müsəlman aləmini vahid, sarsılmaz bir ailə kimi birləşdirmək, süni qarşıdurmalara son qoymaq və İslam dininə zərbə vurmaq istəyən qüvvələrin qarşısını qətiyyətlə almaqdır.

Prezident İlham Əliyev qonaqların Qarabağa – işğaldan azad edilmiş Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərinə nəzərdə tutulan səfərlərinin əhəmiyyətini də xüsusi qeyd etdi. O, Ermənistanın 30 illik işğalı dövründə xalqımıza qarşı törədilən hərbi cinayətləri, etnik təmizləməni və məqsədyönlü şəkildə dağıdılmış 65 məscidi, təhqir edilmiş inanc yerlərini İslam dünyasına qarşı törədilmiş vəhşilik kimi səciyyələndirdi. Prezident İlham Əliyev qürurla bildirdi ki, Azərbaycan xalqı öz rəşadətli Ordusu ilə tarixi ədaləti, ərazi bütövlüyünü və milli ləyaqətini bərpa etmişdir. Bu gün isə “Böyük Qayıdış” Proqramı çərçivəsində viran qoyulmuş torpaqlara həyat yenidən qayıdır, 90 mindən çox insan doğma yurdlarında məskunlaşıb. Dövlət başçısının qətiyyətli liderliyi ilə Azərbaycan təkcə öz hərbi-siyasi gücünü deyil, həm də sülhsevər, qurucu və İslam dünyasında mənəvi birliyi təmin edən qüdrətli bir dövlət olduğunu bütün dünyaya sübut edir.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button