AnalitikaGündəmSiyasət

Qarabağ yolları – birlik və inkişaf xətti

Yol hər bir yaşayış məntəqəsinin inkişafında əsas amillərdən biridir. Qarabağda yolların yenidən qurulması da ərazilərin yalnız fiziki baxımdan deyil, iqtisadi və sosial baxımdan birləşdirilməsinə xidmət edir. Yeni yollar şəhərləri, kəndləri və regionları bir-birinə bağlayaraq insanların hərəkətini asanlaşdırır, xidmətlərin əlçatanlığını artırır və iqtisadi əlaqələr üçün yeni imkanlar yaradır.

Xankəndidə nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş layihələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu və avtovağzal kompleksinin yaradılması şəhərin gələcək nəqliyyat imkanlarının genişləndirilməsinə hesablanıb. Belə layihələr insanların rahat gediş-gəlişi ilə yanaşı, regionun digər ərazilərlə əlaqələrinin möhkəmlənməsinə də şərait yaradır.

Qarabağ yollarının əhəmiyyəti bununla məhdudlaşmır. Yol çəkilən əraziyə iqtisadi fəaliyyətin, xidmətlərin və sosial imkanların daxil olması asanlaşır. Yeni kəndlərin və şəhərlərin formalaşması, kənd təsərrüfatı məhsullarının daşınması, turizm marşrutlarının yaradılması və əhalinin sosial xidmətlərə çıxışının təmin olunması yollarla birbaşa bağlıdır.

Bu səbəbdən Qarabağda tikilən hər yol gələcəyə aparan infrastruktur xətti kimi çıxış edir. Yol insanı şəhərə, şəhəri regiona, regionu isə ölkənin bütöv iqtisadi və sosial məkanına bağlayır. Qarabağın yolları bu gün yalnız məsafələri qısaltmır; onlar yeni həyatın, yeni iqtisadi imkanların və Böyük Qayıdışın coğrafiyasını genişləndirir.

Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button