AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev və “Dəmir Yumruq” Həqiqəti

Prezident İlham Əliyevin müəllifi olduğu və xalqımızın birliyini təcəssüm etdirən “Dəmir yumruq” siyasəti 20 sentyabr 2023-cü ildə özünün ən ali məqsədinə çatdı. Vətən müharibəsində düşmənin belini qıran bu yumruq, aradan keçən üç il ərzində ölkəmizin daxilində suverenliyimizə təhdid yaradan separatçı qalıqların başı üzərində hər an mövcud idi. Dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymayan qüvvələr nəhayət ki, bu dəmir iradənin sarsıdıcı zərbəsini öz üzərlərində hiss etdilər.

İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Azərbaycan öz ərazisində hər hansı bir “boz zona”nın, heç bir statusu olmayan qanunsuz xuntanın mövcudluğuna dözməyəcək. Onun qətiyyətli duruşu sübut etdi ki, dövlət sərhədlərimiz və ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. 20 sentyabr əməliyyatı məhz bu sözlərin əmələ çevrilməsinin, dövlət başçısının öz xalqına verdiyi vədlərə hər zaman sadiq qalmasının ən böyük sübutudur.

Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərdə qeyri-qanuni rejimin təslim olması Azərbaycan Prezidentinin həm hərbi, həm də mənəvi qələbəsidir. “Dəmir yumruq” təkcə güc nümayişi deyil, həm də ədalətin və hüququn aliliyinin bərpası vasitəsi oldu. Separatçı liderlərin ədalət qarşısında cavab verməsi üçün Bakıya gətirilməsi isə İlham Əliyevin qətiyyətinin və dövlətimizin qüdrətinin ən pik nöqtəsi hesab olunur.

Bu gün Azərbaycan xalqı 20 Sentyabr Dövlət Suverenliyi Gününü böyük iftixarla qeyd edərkən, ilk növbədə bu birliyi yaradan Liderinə minnətdarlıq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün siyasət gələcək nəsillər üçün sabit, təhlükəsiz və qüdrətli bir Azərbaycanın təməllərini atıb.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button