GündəmSiyasət

Yeni Azərbaycan – zəfərlər Partiyası

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının XIII konfransı keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Lökbatan qəsəbəsinin mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram ifadə olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının ötən dövrdəki fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə Azərbaycanın dövlətçilik xəttinə uyğun fəaliyyət göstərib və dövlətimizin qüdrətlənməsi üçün var gücü ilə çalışıb.

Partiyanın 2021-ci ildə keçirilən VII qurultayı bu siyasi təşkilatın fəaliyyətinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsində mühüm rol oynayıb. Həmin siyasi kursa öz töhfəsini vermək məqsədilə YAP Qaradağ rayon təşkilatı da fəaliyyətini gücləndirib.

Partiya quruculuğu, ərazi partiya təşkilatları və üzvlərlə iş, maarifləndirici və sosial layihələr rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi yeri və xidmətləri var. Rayon təşkilatı ilə birlikdə həyata keçirilən birgə layihələr, çoxsaylı konfranslar, dəyirmi masalar və digər tədbirlər partiyanın rayon təşkilatının cəmiyyətdə rolunu artırmış, onun sıraları daha da genişlənmişdir.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında bildirib ki, YAP-ın yaradılması müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən biridir.

Partiyanın VII qurultayından sonra beynəlxalq sahədə fəaliyyətini daha da gücləndirən Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, regionun ən nüfuzlu siyasi təşkilatına çevrilib. Azərbaycan xalqı öz Prezidentini, Onun Sədri olduğu partiyanı daim dəstəkləyir və onun ətrafında sıx birləşib.

Milli Məclisin deputatı Səbinə Xasayeva öz çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həyatında mühüm rol oynayıb.

Ümummili Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hakim siyasi qüvvəyə çevrilən partiya ölkənin siyasi, sosial və iqtisadi inkişafına daim öz töhfələrini verib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfər və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu, Azərbaycan xalqının əyilməz birliyinin, tükənməz milli iradəsinin və dövlətimizin böyük gücünün bariz nümunəsidir.

Çıxış edən “91-lər”in nümayəndəsi Munis Bayramov müstəqilliyin bərpasından sonra ölkədə yaranmış ağır vəziyyəti, iqtisadi böhranı və vətəndaş müharibəsi təhlükəsini xatırladıb. O bildirib ki, məhz belə ağır bir dövrdə Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası qısa müddətdə hakim partiyaya çevrilmiş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən çox üzv birləşib.

Çıxış edən şəhid anası Fəridə İsmayılova bildirib ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin böyük Zəfərlə başa çatmasında Yeni Azərbaycan Partiyasının üzvləri də qəhrəmanlıqla iştirak ediblər. Həm Vətən müharibəsində, həm də 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatında qazanılan zəfərlə hər bir azərbaycanlının böyük qürur hissi keçirdiyini vurğulayan şəhid anası müharibədən sonra şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Azərbaycanın beynəlxalq nüfuzunu ardıcıl şəkildə, yorulmadan artırmaqda davam edən Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Tədbirdə, Lökbatan Tibb Mərkəzinin direktoru, Nizami küçəsi 9 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Elçin Hüseynov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasını zəfərlər partiyası kimi xarakterizə edib. O vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə yaradılan bu partiya tarixi baxımdan çox qısa müddətdə hakimiyyətə gəlmiş və bundan sonra keçirilən bütün seçkilərdə fasiləsiz olaraq qalib olmuşdur. Artıq 23 ildir ki, Yeni Azərbaycan Partiyası Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə həmin qələbələr silsiləsini uğurla davam etdirir və əminik ki, bu qələbələr bundan sonra da uzun illər davam edəcəkdir.

Çıxışlarda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının hesabat dövründə fəaliyyəti və görülən işlər müsbət qiymətləndirilib və qənaətbəxş hesab edilməsi təklif olunub.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rəfael Gülməmmədov Ulu Öndər Heydər Əliyevin sözlərini sitat gətirərək bildirib ki, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 34 il ərzində Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib və bu gün də həmin uğurlar ardıcıl şəkildə davam edir. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda verdiyi tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün konkret vəzifələr müəyyənləşdirib. Hər bir partiya üzvü həmin vəzifələrin daha uğurla yerinə yetirilməsi üçün səylə çalışmalı və bu istiqamətdə bilik və bacarığını əsirgəməməlidir.

Konfransda YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Oxşar Xəbərlər

Back to top button