
Azərbaycanın xarici siyasət kursu qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqların qorunmasına əsaslanan balanslı yanaşma ilə xarakterizə olunur. Rəsmi Bakı həm Avropa dövlətləri, həm qonşu ölkələr, həm də Mərkəzi Asiya regionu ilə münasibətlərini yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf etdirir. Bu siyasətdə Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutur. Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər türk dövlətləri arasında həmrəyliyin və birgə fəaliyyətin daha da aktuallaşdığını göstərir. Son illərdə keçirilən qarşılıqlı dövlət səfərləri, imzalanan sənədlər və həyata keçirilən ortaq layihələr təkcə ikitərəfli münasibətləri deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının institusional gücünü də artırır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Dövlət başçısının təşəbbüsü ilə təşkilatın rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi sammitlərin keçirilməsi də üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Prezidentin fikrincə, Türk dünyası Azərbaycan üçün yalnız strateji tərəfdaşlıq məkanı deyil, eyni zamanda ortaq tarixə, mədəniyyətə və dəyərlərə söykənən böyük bir ailədir. Məhz buna görə də bu birliyin gələcək nəsillər üçün daha da gücləndirilməsi ümumi məqsəd kimi qəbul edilir.
Hazırda Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində nüfuzunu davamlı şəkildə artırır. Təşkilat regional proseslərə təsir imkanlarını genişləndirməklə yanaşı, qlobal əməkdaşlıq platformalarında da öz mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışlarında səsləndirdiyi təşəbbüslər və təkliflər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Dövlət başçısı qeyd edir ki, türk dövlətlərini bir araya gətirən əsas amillər ortaq etnik kök, ümumi tarix, yaxın coğrafiya, qarşılıqlı hörmət və vahid məqsədlərdir. Bu üstünlüklər təşkilatın daha da güclənməsi üçün möhkəm zəmin yaradır və üzv ölkələr arasında əməkdaşlığın davamlı inkişafını təmin edir.
Prezident İlham Əliyevin 2026-cı il iyulun 30-da Qırğız Respublikasına etdiyi dövlət səfəri də bu siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər. Səfər Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsinin daha bir göstəricisi oldu.
Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər qədim tarixi köklərə, ortaq türk kimliyinə, mədəni və mənəvi dəyərlərə əsaslanır. Diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da yaradılıb. Əlaqələrin inkişafında mühüm mərhələ isə 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin Qırğızıstana səfəri zamanı qoyulub. Sonrakı illərdə Bakıda və Bişkekdə səfirliklərin açılması ikitərəfli münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirib. Qırğızıstan Prezidenti Sadır Japarov ilə formalaşan qarşılıqlı etimad və səmimi münasibətlər iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə səbəb olub. Son beş il ərzində həyata keçirilən çoxsaylı yüksəksəviyyəli qarşılıqlı səfərlər bunun bariz nümunəsidir. Bu təmaslar Azərbaycan–Qırğızıstan əlaqələrinin strateji xarakter aldığını göstərir.
Çolpon-Ata şəhərində keçirilən görüşlər səfərin əsas hadisələri sırasında yer aldı. Prezident İlham Əliyev ilə Prezident Sadır Japarov arasında təkbətək görüş keçirildi, Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası təşkil olundu və dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış etdilər. Prezident Sadır Japarov bildirdi ki, bu səfər qardaş ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə yeni təkan verəcək. O, iki dövlət arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, qarşılıqlı etimadın isə müttəfiqlik münasibətlərinin əsasını təşkil etdiyini vurğuladı.
Prezident İlham Əliyev isə çıxışında müttəfiqlik münasibətlərinin böyük məsuliyyət tələb etdiyini qeyd edərək Azərbaycanın bu məsuliyyəti bölüşməyə tam hazır olduğunu bildirdi. O vurğuladı ki, hər iki ölkə beynəlxalq təşkilatlarda, iqtisadi və ticarət sahəsində, eləcə də regional təhlükəsizlik məsələlərində bundan sonra da bir-birinə dəstəyini davam etdirəcək.
Səfərin ən mühüm nəticələrindən biri imzalanan sənədlər paketi oldu. Azərbaycan ilə Qırğızıstan arasında indiyədək yüzdən artıq hüquqi sənəd imzalanıb. Bu dəfə isə 14 yeni sənəd qəbul edildi. Xüsusilə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin daha yüksək siyasi səviyyəyə yüksəldiyini göstərən mühüm sənəd kimi qiymətləndirilir. Müqavilə qarşılıqlı etimadın hüquqi əsaslarını daha da möhkəmləndirir və uzunmüddətli strateji əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Bununla yanaşı, Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 100 milyon ABŞ dollarından 200 milyon dollara çatdırılması barədə razılıq əldə olunması iqtisadi əməkdaşlığın genişlənməsinə verilən önəmi nümayiş etdirir. Bu qərarın gələcəkdə yeni investisiya layihələrinin həyata keçirilməsinə və biznes əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Qırğızıstanla imzalanan müttəfiqlik müqaviləsi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə bu səviyyədə bağladığı üçüncü sənəddir. Bundan əvvəl Qazaxıstan və Özbəkistan ilə oxşar məzmunlu sənədlər imzalanmışdı. Eyni zamanda Türkmənistan və Tacikistan ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul olunub. Bütün bunlar Azərbaycanın Mərkəzi Asiya istiqamətində ardıcıl və məqsədyönlü xarici siyasət həyata keçirdiyini göstərir.
Son illərdə siyasi yaxınlaşma iqtisadi əməkdaşlıqda da öz əksini tapır. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi artmaqda davam edir. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı region ölkələrinin Avropa bazarlarına çıxışında mühüm rol oynayır. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi bu imkanları daha da genişləndirəcək və Azərbaycanı regionun əsas logistika mərkəzlərindən birinə çevirəcək.
Səfər çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi də xüsusi əhəmiyyət daşıyırdı. Bu platforma region dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşün yekununda qəbul olunan Çolpon-Ata Bəyannaməsi tərəflərin gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən vacib siyasi sənəd kimi qiymətləndirilir.
Ümumilikdə Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın Mərkəzi Asiya siyasətinin uğurla həyata keçirildiyini də nümayiş etdirdi. Strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlər həm Türk dünyasının inteqrasiyasına, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verir.
Əhmədov Namiq,
YAP Xəzər rayon təşkilatının sədri



