AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Qazaxıstan: Xəzərin İki Sahilini Birləşdirən Strateji Müttəfiqlik

Azərbaycan və Qazaxıstan arasında əlaqələr həm ikitərəfli formatda, həm də regional əməkdaşlıqda mühüm amilə çevrilmişdir. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda vurğulamışdır ki, Prezident Kasım-Jomart Tokayevlə şəxsi münasibətləri bu əlaqələrin inkişafında həlledici rol oynayır. Füzulidə qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzinin birgə açılışı və azad edilmiş ərazilərin bərpasında qardaş Qazaxıstanın dəstəyi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanır. İki ölkə Xəzər dənizinin hər iki sahilində yerləşən strateji tərəfdaşlar olaraq, bölgədəki bütün nəqliyyat və enerji layihələrinin icrasında yaxından fəaliyyət göstərirlər.

Ötən il Qazaxıstan və Özbəkistan prezidentləri ilə Bakıda Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair imzalanmış müqavilə strateji əhəmiyyət daşıyır. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır. Bundan əlavə, iki ölkəni və geniş coğrafi ərazini birləşdirəcək, rəqəmsallaşma və süni intellektin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzrə də sıx əməkdaşlıq edilir. Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəql olunmağa başlaması isə münasibətlərin iqtisadi mahiyyətini daha da gücləndirir.

Azərbaycan Qazaxıstanın Prezident Tokayevin rəhbərliyi ilə sürətli inkişafından və tarixi Türküstan şəhərində olduğu kimi, milli irsinin ehtiramla qorunmasından dərin təəssürat duyur. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan birgə əməkdaşlıq formatı tarif siyasətinin və gömrük prosedurlarının sadələşdirilməsinə mühüm töhfə verir. Prezident İlham Əliyev qeyd etmişdir ki, iki ölkə arasındakı bu fəal əməkdaşlıq olmadan Xəzər bölgəsində hər hansı irimiqyaslı nəqliyyat layihəsinin həyata keçirilməsi qeyri-mümkündür. Bu strateji müttəfiqlik həm regional sabitliyə, həm də hər iki ölkənin iqtisadi rifahına xidmət edir.

Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button