AnalitikaDünyaGündəmSiyasət

ABŞ-Azərbaycan Münasibətlərində Yeni Dövr: Sülhə Dəstək və Strateji Tərəfdaşlıq

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər hazırda özünün ən yüksək inkişaf mərhələlərindən birini yaşayır. Prezident İlham Əliyevin Şuşadakı çıxışında qeyd etdiyi kimi, ötən ilin avqust ayında Vaşinqtonda və bu ilin yanvarında Davosda Prezident Donald Trampla keçirilən görüşlər bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasının göstəricisidir. Vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat iki ölkə arasında ticarət, süni intellekt, enerji təhlükəsizliyi və müdafiə sahələrində geniş əməkdaşlıq imkanları açmışdır. Bunun nəticəsində ABŞ, ardınca isə Birləşmiş Krallıq və Avropa İttifaqı Azərbaycana silah təchizatına dair embarqoları aradan qaldırmışdır.

Tarixə nəzər saldıqda isə, münasibətlərdə hər zaman belə müsbət dinamika müşahidə olunmamışdır. 1992-ci ildə ermənipərəst senatorların, o cümlədən sonradan Prezident olmuş Co Baydenin təşəbbüsü ilə qəbul edilmiş 907-ci düzəliş Azərbaycana qarşı çox ədalətsiz bir addım idi. Ölkəmiz ərazisinin işğal altında olmasına baxmayaraq, Ermənistanı blokadaya almaqda günahlandırılaraq ABŞ maliyyə yardımından məhrum edilmiş yeganə keçmiş sovet respublikası olmuşdu. Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycanın Ermənistana hər cür tranzit imkanı yaratması və hətta neft məhsulları tədarük etməsi fonunda bu düzəliş tamamilə köhnəlib və ləğv olunmalıdır.

Əvvəlki ABŞ administrasiyalarından, xüsusən də münaqişəni dondurmağa çalışan siyasətdən fərqli olaraq, Tramp Administrasiyası Azərbaycan-Ermənistan sülh prosesinə ciddi və konstruktiv töhfə vermişdir. Məhz Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişi paraflanmış və 907-ci düzəlişin qüvvəsinin dayandırılması barədə sənəd imzalanmışdır. Eyni zamanda, Tramp administrasiyası Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini dərk edərək bu layihəyə öz adını vermişdir (TRIPP). Bu kimi addımlar Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə, qarşılıqlı etimadın formalaşmasına və sülhün tam bərqərar olmasına misilsiz xidmət göstərir.

Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button