
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı etdiyi çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni və daha dinamik mərhələyə qədəm qoyduğunu vurğuladı. Onun sözlərinə görə, son aylarda Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin ölkəmizə ardıcıl səfərləri tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə verilən önəmin göstəricisidir.
Çıxışda iqtisadi və enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olundu. Bildirildi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin mühüm hissəsi məhz Avropa dövlətlərinin payına düşür. Eyni zamanda, Azərbaycan da Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı kimi çıxış edir. Enerji sahəsində strateji tərəfdaşlığın son illərdə daha da möhkəmləndiyi, Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırdığı diqqətə çatdırıldı.
Prezident İlham Əliyev enerji təhlükəsizliyinin müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini qeyd edərək, Azərbaycanın bu istiqamətdə uzun illər ərzində mühüm infrastruktur layihələri həyata keçirdiyini bildirdi. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təminatında mühüm rol oynadığı vurğulandı. Bununla yanaşı, ölkəmizin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində fəal iştirak etməsi Azərbaycanın beynəlxalq logistik mərkəz kimi mövqeyini daha da gücləndirir.
Çıxış zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivlərinə də geniş yer verildi. Qeyd olundu ki, Azərbaycan günəş, külək və su elektrik enerjisi sahəsində böyük potensiala malikdir və artıq bu istiqamətdə yerli və xarici şirkətlərlə mühüm müqavilələr imzalanıb. Yaxın illərdə ölkədə bərpaolunan enerji istehsalının əhəmiyyətli dərəcədə artacağı gözlənilir ki, bu da həm daxili tələbatın ödənilməsinə, həm də enerji ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyev çıxışında regional təhlükəsizlik və Ermənistan ilə münasibətlərin normallaşması məsələlərinə də toxundu. O bildirdi ki, tərəflər arasında əldə olunan razılaşmalar bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edir və Azərbaycan sülhün yalnız sənədlərdə deyil, real həyatda da hiss olunması üçün konkret addımlar atır. Bu məqsədlə Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji daşıyıcılarının təchizinə başlanılması sülhə verilən töhfələrdən biri kimi qiymətləndirildi.
Sonda Prezident vurğuladı ki, Azərbaycanın əsas məqsədi Cənubi Qafqazda uzunmüddətli sülh, qarşılıqlı əməkdaşlıq və etimad mühitinin formalaşdırılmasıdır. Bu istiqamətdə Avropa Komissiyasının dəstəyi yüksək qiymətləndirilir və hesab olunur ki, birgə əməkdaşlıq regionun gələcək inkişafı və sabitliyi üçün mühüm əhəmiyyət daşıyacaq.
Aysu Abbasova ,
Bakı Slavyan universiteti,Xarici dil Müəllimliyi fakültəsi



